Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib.

YALAN.info bildirir ki, York Universitetinin Azərbaycanlı professorun Prezidentə məktubunda deyilir: 

“Çox hörmətli Prezident! İcazə verin, elm sahəsində nailiyyətlərimə və Azərbaycan diasporunun inkişafında xidmətlərimə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı bildirim. Mənim üçün bu, gözlənilməz hədiyyə oldu. Bu hədiyyənin bizim ürəyimiz və ürəyimizdə olan Şuşada təqdim olunması daha çox sevindirici oldu.

Ümid edirəm ki, gələcəkdə mən və mənim kimi fikirləşən alimlər Azərbaycanın daxilindəki inkişafa kömək etmək üçün daha çox cəhd edəcəyik, eyni zamanda Azərbaycanın dünyada mövqeyini qorumaq və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Biz Azərbaycan üçün işləməyə həmişə hazırıq”.

Qərib Mürşüdov qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının vacibliyindən əlavə rəmzi əhəmiyyəti var: “Yəqin ki, Şuşanın əhəmiyyətini başa düşmək üçün Azərbaycan ruhu ilə böyümək lazımdır. Şuşada hər bir azərbaycanlıda güclü emosiya hiss edilirdi. Əgər emosiyaları elektrik enerjisinə çevirmək mümkün olsaydı, alınan enerji ilə bir ölkəni uzun müddət ərzində təmin etmək olardı.

Ümid edirəm ki, Dünya Azərbaycanlılarının qurultayları tez-tez Şuşada və Qarabağın ayrı ərazilərində keçiriləcək. Bu qurultayın dünyanın müxtəlif guşələrində yaşayan və uğurla çalışan azərbaycanlıların, Azərbaycanla bağlı olan insanların görüş mərkəzinə çevrilməsi potensialı çox böyükdür”. 

Professor əlavə edib ki, 31 illik müstəqillik tarixinə baxmayaraq, bir sıra ölkələrdə azərbaycanlılar önəmli vəzifələr tutmağa başlayıblar: “Onların Azərbaycanda elm, texnologiya, təhsil və sənaye inkişafına cəlb edilməsi ölkəmizin gələcəyi və dünyada özünə layiq mühüm yer tutması üçün vacib olardı. Müxtəlif fikirli, siyasi düşüncəli, cəmiyyətə baxışı olan azərbaycanlıların birləşməsi həm həddən artıq çətin, həm də çox vacib bir hadisə olardı. Şuşada keçirilən qurultay bu istiqamətdə atılan böyük bir addım sayıla bilər”.

Qərib Mürşüdov kimdir

Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində anadan olub. 1980-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildə “Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu” mövzusunda dissertasiya işini böyük uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Q.Mürşüdov 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetində işləyib.

2011-ci ildən MRC Molekulyar Biologiya araşdırma institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir.

Qərib Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın və toplunun müəllifi və həmmüəllifidir. Ümumən məqalələrinə, eyni zamanda proqramlarına olan istinadların sayı 20000-dən çoxdur. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın