Yaponiya mədəniyyəti və həyat tərzi ilə dünyada seçilən ən maraqlı ölkələrdən biri sayılır. Uşaq tərbiyəsinə qarşı özəl yanaşması sayəsində yaponlar heç vaxt ərköyünlük etmirlər. Yaponların zəhmətkeşliyi, onların mətanəti, intizamlılığı və təbiətə qayğıkeş münasibətini hər kəs bilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bu yazıda oxucuları yaponların başqa bir diqqətəlayiq özəlliyi – uşaq tərbiyəsinə özünəməxsus yanaşması ilə tanış edəcək.

Gündoğar ölkəsinə gələnlər yaponların müxtəlif nəsillər arasındakı qarşılıqlı anlaşmasına heyran qalır. Uşaqlar – itaətkar və ağıllıdır, böyüklər adekvat, nənələr və babalar isə qayğıkeşdir, ancaq onlar nəvələrini ərköyünlüyə öyrətmirlər. Belə yekdilliyin səbəbi uşaqların özəl tərbiyə sistemi əsasında yetişdirilməsidir və bu ənənənin kökləri uzaq keçmişə gedib çıxır.

Əsrlər əvvəl Yaponiyada analar işi ilə uşaqların tərbiyəsini birləşdirdi. Onlarda heç bir uşaq bağçası və ya anası işdən gələnə qədər evdə oturub nəvələrinə dayəlik edən nənələr olmayıb. Odur ki, ana harada olurdusa, uşaqları da özü ilə birlikdə ora aparırdı. Hətta qadın tarlaya gedəndə də uşağı parça ilə kürəyinə bağlayırdı. Bu zaman o, körpə ilə daim ünsiyyət qurur və ona gördüyü işlərdən danışardı. Təəccüblü deyil ki, belə uşaqlar danışmağı, yeriməyi və oxumağı tez öyrənərdi.

Bu zaman körpə bütün həyatı proseslərdə (iş, istirahət, gəzinti) iştirak edir, onun üçün dünyanı öyrənmək və inkişaf etmək daha asan olurdu. Təəccüblü deyil ki, yaponlar indi uşaqlarını bu ənənə əsasında yetişdirməyi üstün tuturlar. Ananın hara getməsindən asılı olmayaraq, körpə hər zaman onun yanındadır – ya qucağında, ya kürəyində, ya da əlindən tutub yavaş-yavaş onunla yanaşı gedir.

Yapon anaları ümumiyyətlə, uşağın 3 yaşına qədər analıq məzuniyyətinə çıxır. Ölkədə bağçalar olmasına baxmayaraq, körpəni onlara vermək ayıb sayılır. Nənə ilə babanın da körpəyə dayəlik etməsi müsbət qarşılanmır. Uşağın üç yaşı tamam olduqdan sonra uşaq bağçasına göndərilir.

Bağçada da, evdə də uşaqlara duyğulara həssas olmağı öyrədirlər. Özü də yalnız özlərinə qarşı deyil, başqa insanlara, heyvanlara, hətta cansız obyektlərə də diqqət yetirməyin vacibliyini izah edirlər. Məsələn, uşaq oyuncaq maşını, ya da hər hansı başqa oyuncağını sındıranda, ana onu tənbeh edib oyuncağı əlindən almayacaq, ancaq mütləq bildirəcək ki, o, bu hərəkəti ilə maşını incidir.

Elə düşünmək lazım deyil ki, uşağın təlim-tərbiyəsinin bütün yükü anasının çiyinlərinə düşür. Yaponiyada atalar da övladlarına dayəlik etməyə çox həvəslidir.

Yaponiyada tərbiyə qaydaları

Artıq deyildiyi kimi, Yaponiyada uşaqlar valideynlərindən böyük diqqət görür: qucaqlaşmalar, söhbətlər, gəzinti və b. Bu zaman ana və ata uşaqlara heç vaxt səsini ucaltmır, nəsihətlər oxumur, ya da cismani cəzaları tətbiq etmirlər. Bütün bunların əvəzinə yaponlar uşaqlarına nəzakətli davranmağı, başqalarına qarşı diqqətli olmağı, öz davranışı ilə heç kimə mane olmamağı öyrədir.

Bəs uşaqlar özünü pis aparanda yaponlar nə edir? Uşaqların ərköyün böyüməməsi üçün nə etməliyik? Uşaqlara qışqırmayan və cəza verməyən yaponlar onlara özünü düzgün aparmaq qaydalarını necə təşviq edirlər? Cavab sadədir – valideynlər narazılığını baxışları və intonasiya ilə göstərir. Yaponiyalı uşaqlar davranışlarının valideynlərini məyus və pərt etdiyini görəndə peşmançılıq və günah duyğusu keçirir və dərhal onları düzəltməyə çalışırlar.

Gördüyünüz kimi, Yaponiyada uşaqlar valideynlərinin qayğı və sevgi dənizində üzürlər, həm də doğulduğu gündən cəmiyyətin həyat prinsiplərini mənimsəyirlər. Sözsüz ki, bu sistem tərbiyəsi başqa ölkələrin sakinləri üçün çox qeyri-adidir. Ancaq yüz illik təcrübə göstərir ki, bu, inanılmaz dərəcədə effektlidir, qanuna tabe olan və layiqli vətəndaşlar yetişdirməyə kömək edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın