V.Bayramov Ermənistanın vurduğu ziyanın hesablanması qaydasını açıqladı

Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, o evlərdə 1993-cü ilədək Azərbaycanlılar yaşayırdılar:

“İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər. Görünür, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir, ya da etmək istəmir. Ancaq bütün öncəki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir.

Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.

Deputat bu cür hərbi cinayətlərə görə təzminatın hesablanmasına da aydınlıq gətirib:

“Dünya Bankının metodologiyasına görə, 4 önəmli istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.

Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən öncəki illik ÜDM-dən 4 dəfə çoxdur”.

Deputat deyib ki, bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq:

“Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.

Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

V.Bayramov Ermənistanın vurduğu ziyanın hesablanması qaydasını açıqladı” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir