“Qarabağ” Futbol Klubu Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunun qonağı olub.

YALAN.info bildirir ki, “Groupama Arena”da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Ancaq 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, “Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Buraxılan qoldan sonra təzyiqi artıran meydan sahibləri 9-cu dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Ancaq Eldar Çiviçin başla vurduğu topu Şahruddin Məhəmmədəliyev tutub. Ardınca isə qolkiper təqribən eyni epizodda bu dəfə Kristofer Zakariasenin fərqlənməsinə mane olub. 30-cu dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, Tokmak Nquenlə üzbəüz epizodda komandasını qoldan xilas edib.

32-ci dəqiqədə Zubir yaxın küncü dəqiq nişan alsa da, Deneş Dibus qola mane olub. 44-cü dəqiqədə öncə Zubir, ardınca isə Borges qapıçı səddini keçə bilməyib və ilk yarı “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə sona çatıb.

İkinci yarıya da gözəl başlayan “köhlən atlar” 49-cu dəqiqədə rəqibə təhlükə yaşadıb. Ancaq Kadi Borgesin zərbəsində azacıq dəqiqlik çatmayıb. 55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib.

59-cu dəqiqədə Məhəmmədəliyev Nquenin hesab arasındakı fərqi azaltmasına imkan verməyib. 65-ci dəqiqədə Riçard Almeydanın zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Dibus barmaqlarının ucu ilə topu küncə çıxarıb. Hücumun davamında künc nöqtəsindən ötürülən topa Vadji başla zərbə endirib. Ancaq top qapı tirindən meydanı tərk edib.

75-ci dəqiqədə Vadjinin dubl etməsinin qarşısını müdafiəçilər alıblar. Buna baxmayaraq, seneqallı forvard 3 dəqiqə sonra baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 83-cü dəqiqədə meydanda insident baş verib. “Köhlən atlar”ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb. Beləliklə, Bakıdakı oyunda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi növbəti raundda Moldova “Şerif”ini mübarizədən uzaqlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək. “Qarabağ” ilk oyununu 16, ya da 17 avqustda evdə, cavab görüşünü isə 24, ya da 25 avqustda səfərdə keçirəcək.

Onu da bildirək ki, “Qarabağ” və “Viktoriya” ilə yanaşı, Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb), İsrailin “Makkabi” (Hayfa), Serbiyanın “Srvena Zvezda”, Portuqaliyanın “Benfika”, Niderlandın PSV, Ukraynanın “Dinamo” (Kiyev) və Şotlandiyanın “Reyncers” klubları da pley-offa adlayıblar. Qaliblər UEFA Çempionlar Liqasının qrup mərhələsinə birbaşa çıxmış 26 komandaya qoşulacaq; bütün uduzan tərəflər isə mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

Ferensvaroş 1:3 Qarabağ | UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi, cavab oyunu | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın