Argentina milli komandası Lionel Messi ilə Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı 2022-nin (DÇ-2022) qalibi olub.

YALAN.info bildirir ki, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə “tanqoçular”ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Ancaq məğlubiyyətlə barışmayan “xoruzlar” 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Qarşılaşmanın artırılmış vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub. Bununla da Argentinanın futbol üzrə milli komandası 3-cü dəfə Dünya çempionu olub. Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

DC-2022, final oyunu: Argentina – Fransa 3:3 (penalti seriyası 4:2) İcmal

Dünya çempionatının qalibi olan komanda – Argentina 42 milyon dollar pul mükafatı qazanacaq. Bu məbləğin böyük hissəsini futbolçuların alacağı vurğulanır. İkinci yeri tutan komandaya – Fransaya isə 30 milyon dollar veriləcək. Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək. 

Messi Dünya Çempionatında rekordlara imza atdı

Argentina milli futbol komandasının hücumçusu və kapitanı Lionel Messi bazar günü dünya çempionatlarında keçirdiyi oyunların sayına görə alman Lotar Matteusun rekordunu qırıb. O, həm də bir dünya çempionatının bütün mərhələlərində qol vuran ilk oyunçu olub.

Hücumçu Qətərdə keçirilən dünya çempionatının final oyununda Lusail stadionunda Fransa komandasına qarşı meydana çıxıb. Bu oyun onun dünya çempionatlarında 26-cı oyunu olub. Onu da bildirək ki, bu turnir Messinin karyerasında beşinci olub (2006, 2010, 2014, 2018, 2022). Matteus isə 1982, 1986, 1990, 1994 və 1998-ci illərdə dünya çempionatlarında çıxış edib.

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb. Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final qarşılaşmasında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard toplamda 12-ci dəfə fərqlənib.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Oyunun startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.

Bundan başqa, Argentina millisinin ulduz futbolçusu Lionel Messi 11 metrlik cərimə zərbəsi sayında rekordlar müəyyənləşdirib. 35 yaşlı hücumçu bir yarışda əsas və artırılmış vaxtda ən çox penalti (5) yerinə yetirən yeganə oyunçu olub. O, həm də toplam sayı 6-ya çatdıraraq ingiltərəli Harri Keyni (5) geridə qoyub.

Qarşılaşmadan sonra futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcəyini bildirib. “Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, – deyə Messi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın