Ankara rəsmi Parisin Türkiyə gəmilərinin Aralıq dənizində Fransa gəmilərinə qarşı təxribat törətdiyinə dair iddialarına cavab verib.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və bu səbəbdən Fransa Türkiyədən üzr istəməlidir.
Eyni zamanda, M.Çavuşoğlu Türkiyənin Liviyada atəşkəsə nail olmaq üçün bütün ölkələrlə, o cümlədən, Fransa ilə işləməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, bir neçə gün öncə mətbuata Aralıq dənizində Fransa gəmiləri ilə Türkiyə gəmiləri arasında qarşıdurma baş verməsi ilə bağlı xəbər sızmışdı.
Bildirilirdi ki, fransızlar beynəlxalq sularda Türkiyə gəmilərini yoxlamağa çalışıb. Türkiyə hərbçiləri isə gəmini döyüş vəziyyətinə gətiriblər. Bu olay NATO üzvü olan iki ölkə arasında gərginliyə səbəb olmuşdu.