Binəqədi rayon 244 saylı tam orta məktəbdə keçirilən Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə”nin budəfəki qonağı Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı idi. O, təhsil müəssisələrində ədəbiyyat adamları ilə belə görüşlərin keçirilməsini yüksək dəyərləndirdi:

“Son vaxtlar məktəblər bir-birinin ardınca görüşə dəvət edirlər. Hesab edirəm ki, bu, təhsil həyatında çox uğurlu işdir. Bir ara belə görüşlər unudulmuşdu. Gənclərimizlə bizim aramızdakı körpüləri yandırmaq olmaz. Cavanlıq illərimizdə universitet həyatımızda yadda qalan ən yaxşı günlər yazıçılarımızla görüşlərdir. Mirzə İbrahimov, Süleyman Rəhimov, Məmməd Araz, Söhrab Tahirlə görüşlər taleyimizdə böyük rol oynayıb. Auditoriyada eşitmədiyimizi o görüşlərdə eşidirdik. Gənclərlə görüş həm də ona görə önəmlidir ki, onların nə düşündüyünü biz də bilirik. Bəxtiyar Vahabzadə deyirdi ki, mən həmişə gənclərin nəfəsini hiss eləmək istəyirəm. Gənclər hansı arzularla gəlirlər, biz bunu bilməli və dəstək göstərməliyik”.

S.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan parlamentinin deputatıdır, nazir də işləyib, nəşriyyatda baş redaktor kimi də çalışıb: “Başqa vəzifə sahiblərindən fərqli olaraq mənim həmişə bir vəzifəm olub – əlimdəki qələm. Mən ömür boyu yazmışam”.

İran “farsistan” deyil, İran “Türküstandır”

S.Rüstəmxanlı gənclik illərindən danışaraq “Biz cavanlıqdan Azərbaycanın taleyi ilə maraqlanmışıq” deyə bildirib: “Nə vaxt Azərbaycan müstəqil ola bilər?”, – deyə düşünmüşük. Ədəbiyyat  dərnəklərinə gedirdik, amma ədəbiyyatdan çox Azərbaycanın müstəqilliyindən danışırdıq. “Güney və Quzey Azərbaycan nə vaxt  birləşə bilər?” sualı bizi narahat edirdi. Həmin proseslər bu gün də davam edir. Amma Azərbaycanın quzeyində müstəqil bir dövlət var. İndi görürsünüz, İranda nələr baş verir.

Azərbaycanlıların çox hissəsi – 35-40 milyon insan orada yaşayır. Ancaq bunun siyasi gündəmə gəlməsi mümkün deyildi. Azərbaycan Prezidentinin son iki çıxışı – “Bizim xaricdə yaşayanlarımız öz ana dilində oxumalıdırlar” fikirləri həyatımıza yeni bir rəng qatıb, birdən-birə canlanma yaradıb. Buradakıların çoxu, həmçinin Türkiyədə də çoxu bilmirdi ki, İran əhalisinin yarısı türkdür. İran “farsistan” deyil, İran “Türküstandır”. Amma cavanlarımız bunu bilməlidir. 19 yaşında yazdığım şeirdə “21 Azər” hərəkatından bəhs etmişdim. Güney Azərbaycan məsələsi bizim üçün gənclik illərimizdən başlamışdı. O vaxtdan bəri onlarla şeir, 8 poema, İranın ali-dini rəhbərinə bir neçə açıq məktub, İran xalqına müraciətlər – ömrümüzün yarısı bu istiqamətdə mübarizəyə həsr olunub. Sevinirəm ki, artıq bu məsələ beynəlxalq aləmin müzakirəsinə verilib”.

Öncə Ana dilinizi bilin

“Məktəblərdə keçirilən görüşlərdən umacağımız nədir? İstəyirik ki, uşaqlarımız oxusunlar. Ədəbiyyatımızı bilsinlər. Ədəbiyyatını bilməyən adamın millətə xeyri dəyə bilməz”, – deyə Xalq şairi dilimizə münasibətlə bağlı narahatlığını dilə gətirib:

“Bəzən deyirlər ki, filankəs Oksford və ya Harvard universitetini bitirib. Deyirəm, çox gözəl. Amma gərək bir Azərbaycan universitetini də qurtarsın. Gərək bir torpaq universiteti də bitirsin. Gərək öz dilini də bilsin. İngilis dilini bilmək bəyəm xalqı tanımaqdır? Öncə ana dilində oxumalısan. Mən vaxtilə “Ana dili ana südü kimidir” yazmışdım. 1 yaşa kimi ana südü əmməyən uşağın ömrü boyu müqavimət gücü zəif olur. Uşaqlarımız ən azı ibtidai məktəbi ana dilində oxumalıdırlar. Uşaq ana dilində oxusa, başqa dilləri də biləcək. İstərdim ki, öz ana dilinizin qədrini biləsiniz və məktəbdəki gənclik duyğularınız sizlə axıracan yoldaşlıq eləsin!”

Kamil vətəndaş olmaq üçün

Şagirdlərdən birinin “Kamil vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?” sualına Xalq şairinin cavabı ibrətamiz olub:

“Kamil vətəndaş olmaq üçün ilk növbədə kamil insan olmaq lazımdır. “Kamil insan” qədimdən bizim Şərqdə bir anlayışdır. Şübhəsiz, kamil insan insanlığa lazım olan ən gözəl xüsusiyyətləri özündə toplamalıdır. Mənim son kitabım “Vətəndaşlığın əlifbası”dır. Vətəndaşlıq mənim üçün nə deməkdir, vətəndaş olmaq üçün insan nələri bilməli və hansı keyfiyyətlərə malik olmalıdır – bu əsərdə bütün düşüncələrimi yazmışam. Mirzə Cəlil deyirdi ki, vətən vətəndaşdan ibarətdir. Vətən əsgərin ayağının altındakı torpaqdır. Əsgər o torpağı qoruya bilmirsə, ona vətən deyilməz. Ona görə də vətəndaş əsgər olmalıdır. Tarixi, milli xarakteri, adət-ənənəni və milli əxlaqı bilmədən normal vətəndaş olmaq olmaz. Televiziyalarımızın təlqin etdiyi tərbiyəyə, aparıcıların davranışlarına, danışığına baxıb normal vətəndaş olmaq olmaz”.

Millətimin gücünə inanıram

Şagirdlər Xalq şairinin Qarabağ müharibəsi dövründəki yaradıcılığı ilə maraqlandılar. “Vətən Müharibəsi günlərində “Millətim” şeirini yazdınız. “Mənim yoluma bax, əzəldən haqdı” dediniz. Şeiri Qarabağın bir gün azad olunması inamı ilə yazmışınız?” soruşan şagirdə cavab belə olub:

“Bu şeir 2006-cı ildə yazılıb. Amma oxumağa utanırdım. Mən millətimin gücünə inanıram. Təkcə bugünkü gücünə yox, tarixdən gələn böyük potensialına inanıram. Bu mənada millət haqqında ürək sözlərimi demişdim. Amma oxuya bilmirdim. Heç Türkiyədə də oxumurdum. Amma sonra savaş başlayanda bəstəkar Elçin Cəfərov bu şeirə marş yazdı və bir neçə cavan dostu onu oxudular. Bu mahnı müharibənin ən çox oxunan mahnısı oldu. Bütün əsgərlər orduda bu mahnını oxuyurdular. “Zəfər” marşını da mən yazmışdım. İndi o şeiri ürəklə oxuyuram. Çünki millətim zəfəri öz qəhrəmanlığı ilə sübut elədi”.

Elçin Cəfərov — Millətəm | 2020 (Rəsmi Musiqi Videosu)

Əsas silah sevgidir…

Şagirdlərdən birinin “Xalq şairi Bəxtiyar Vahabzadə sizin haqqınızda belə deyib: “Sabir Rüstəmxanlı məhəbbətinin gülləsi ilə nifrətini hədəfə alan çox aydın bir şairdir”. Məhəbbətin gücünün yetmədiyi, hədəfinizdən yayınan nifrətiniz olubmu?” sualını S.Rüstəmxanlı təbəssümlə cavablandırıb:

“Bəxtiyar Vahabzadə mənim müəllimim olmuşdu. Sinifdə onunla fikrimiz düz gəlməmişdi və məndən incimişdi. Sonra dostlaşdıq. Mənə görə kişi həm sevməyi, həm də nifrət etməyi bacarmalıdır. Əsas silah sevgidir, nifrət sonda gəlir. Nifrəti düşmənə edərsən. 30 il bizim içimiz nifrətlə doldu və püskürdü. Hamı deyirdi ki, bizim gənclərimiz vətənin nə olduğunu bilmirlər. Amma həyat göstərdi ki, belə deyil”.

“Qarabağda qazanılan Zəfər yaradıcılığınıza yəqin ki yeni məzmun gətirib…?” sualına cavab olaraq S.Rüstəmxanlı bir neçə kitabını nümayiş etdirib:

“Müharibənin sonuncu günü “Qarabağa dönüş” adlı bir poema yazdım. Əsər iki günə yazıldı. Çox həyəcanlı idim. Sonra 4-5 sətir də əlavə etmək istədim. Mümkün olmadı. Çünki nöqtəsi qoyulmuşdu”.

“Ədəbiyyata nə qədər maneə qoyurlarsa, daha dərinə gedir”

Məktəbin Ana dili və ədəbiyyat müəllimi “Azərbaycan nəsrinin indiki durumu necədir” deyə maraqlanıb:

“Bu millət bərəkətli millətdir. Bir istedadı gedəndə yerinə başqası, daha güclüsü gəlir. Rəssamlıqda, musiqi sahəsində, ədəbiyyatda həmişə bir-birlərini əvəz edən nəsillər gəlir. Ona görə Azərbaycan nəsri sovet dövründən fərqli olaraq daha ciddi mövzulara girişə bilir. Ədəbiyyata nə qədər maneə qoyurlarsa, daha dərinə gedir və sözünü demək üçün vasitə tapır. Ona görə həmişə yeni əsərlərimiz olacaq”.

“80-ci illərdə qələmə aldığınız Vətənin keçmişi, bu günü və işıqlı sabahının tərənnümü olan “Ömür kitabı”nın davamını yazmağı düşünürsünüzmü?” sualı şairi keçmişə qaytarıb:

“1985-ci ildə “Ömür kitabı” yazılanda ermənilər bizim tariximizi saxtalaşdırırdı. Bizim cavab vermək imkanımız yox idi. Həm Azərbaycanı tanıtmaq, həm cavab vermək üçün bir kitab yazdım. Düşünürdüm ki, kitab 5-10 min tirajla nəşr olunar. “Gənclik” nəşriyyatı kitabı 30 min tirajla buraxdı. Bir həftə sonra öyrəndim ki, hamısı satılıb. Metrolarda, küçələrdə kitabı əldə satırdılar. Sonra nəşriyyat kitabı 100 min tirajla buraxdı. Daha sonra təzədən 50 min, rus dilində də 50 min tirajla nəşr etdi. Beləcə, 300 minə yaxın tirajı çıxdı. O vaxt kitabı qızlara cehiz kimi verirdilər. Ermənilər o kitabı alıb Xankəndində yandırırmışlar. Hətta İrəvanda divara qoyub güllə ilə vurublar.

İndi yeni bir nəsil gəlir. Vaxtilə 300 min tirajla çıxan kitabı “Şərq-Qərb” nəşriyyatı “Göy Tanrı” kitabı ilə birlikdə 1000 nüsxə ilə buraxdı. Çünki oxumuruq. Telefonu, səsli kitabları, sosial medianı başa düşürəm, amma oxumalı kitab ayrıdır. “Vətəndaşlığın əlifbası” ruh etibarı ilə “Ömür kitabı”nın davamıdır. Bu kitabın ikinci hissəsini Güney Azərbaycanda yazmaq istəyirdim. Amma sonra İranla bağlı ciddi yazılar yazdım. Onlar mənim üçün ölüm fətvası çıxardılar və daha mənim İrana getməyim mümkün olmadı. O kitabın ikinci hissəsi də yazılmadı. Mənim bütün yazılarım əslində ömür kitabının parçalarıdır”.

Ömrümüz boyu vaxt sıxıntısı var

“Kifayət qədər məşğul insansınız. Bölüşdürə bilmədiyiniz vaxtınız olurmu?”, – deyə soruşan şagirdin sualını S.Rüstəmxanlı belə cavablandırıb:

“1 və 2-ci kursda oxuyanda “Azərkitab”ın kitab dükanında kitabdaşıyan işləyirdim. Nərimanov rayonunda qarovulçu işlədim. Axşam işlə, gündüz oxu… Kirayədə qalırdıq. Dolanışıq lazım idi. Evə demişdim ki, mənə pul göndərməyin, özümü dolandıracağam. Qəzetə, radioya yazıb qonorar alırdım. Ona görə bizim nə vaxt yatırıq, nə vaxt dururuq kimi reqlamentimiz olmayıb. Ömrümüz boyu vaxt sıxıntısı olub. Amma yazıçı, şair gərək bunu nəzərə almasın. Qələm bir ay işləməyəndən sonra onu kağıza yaxınlaşdırmaq çətin olur. Yazıçının birinci düşməni tənbəlliyidir”.

Sabir Rüstəmxanlı yeni nəşrlərini məktəb kitabxanasına bağışladı. “Bunlar kitabxanada qalmaq üçün deyil, çox istəyərəm ki, uşaqlar bu kitabları vərəqləsinlər” deyə tövsiyə edib. Toplantıda qonaq qismində tanınmış yazıçı Seyran Səxavət də iştirak etdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın