Biz artıq uzun müddətdir ki, bölgədənkənar güclərin Cənubi Qafqazda yenicə yaranmağa başlayan sabitliyi pozmaq cəhdlərini görürük.

YALAN.info bildirir ki, bunu ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi, öz növbəsində, Ermənistan-Azərbaycan sərhədində durumun sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla mütəmadi əlaqə saxlayır. XİN rəsmisi bəyan edib ki, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsindən keçir.

“Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. İndiki durumda regionda iqtisadi-nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası daxil olmaqla, bütün istiqamətlər üzrə işlərin intensivləşdirilməsinin önəmli olduğunu düşünürük”, – deyə Zaxarova qeyd edib.

“Həm anlaşmaların tərəflərinin içərisində (əsasən Ermənistan və Azərbaycanda), həm də kənar güclər arasında üçtərəfli anlaşmaların məzmununu təhrif etmək istəyən güclər var”, – Rusiya Xarici İşlər Nazirliyinin sözcüsu Mariya Zaxarova ənənəvi brifinq zamanı News.ru saytının əməkdaşının sualını cavablandırarkən deyib.

“Bu güclər çoxlu vədlər verirlər. Onlar vəd verməyi yaxşı bacarırlar. Halbuki, bu illər boyunca elə də çox iş görməyib və nəticələr əldə etməyiblər. Ancaq sözügedən anlaşmalar kağız üzərində qalmayıb və addım-addım, mərhələli şəkildə yerinə yetirilir. Düşünürəm ki, işlək mexanizmləri mücərrəd olanlarla dəyişdirmək olmaz”, – deyə Zaxarova qeyd edib.

Rusiya Federasiyası XİN sözçüsü Mariya Zaxarova Ermənistanın KTMT təlimlərinə qatılmamasını da şərh edib. “İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, düşünürəm ki, bu indiki durumu nəzərə alsaq, Ermənistan silahlı qüvvələrinin qarşısında duran prioritet vəzifələrdən dolayı atılmış addımdır. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar”, – diplomat bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın