24-26 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirildi. Dünyanın tanınmış alimlərinin iştirakı ilə regionun mədəni, siyasi və fəlsəfi istiqamətlərdə inkişafında Nizami yaradıcılığının təsiri müzakirə olunmuşdur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tədbirin fəxri qonaqların arasında dünya şöhrətli fotoqraf Reza Deqati də vardı.

Məşhur fotoqraf Reza Deqati sosial şəbəkə hesabında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını paylaşmışdı. Fotoqraf qeyd edib ki, Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü də təhqir ediblər.

Publika.az saytı foto-jurnalist Reza Deqatidən müsahibə alıb:

– Reza bəy, dahi Nizaminin büstünü işğaldan sonra lentə alan ilk fotoqrafsınız. Həmin məkanı tapmaq çətin olmadı?

– Zəngilan rayonu işğaldan azad olunandan sonra oradakı dağıntıları çəkməyə yollandım. Dedilər, burada bir ərazi var oraya Nizaminin adı verilib. Həmin qəsəbəyə girdik. Nizaminin abidəsini görüb heç də təəccüblənmədim. Çünki gözləri güllələnib dağıdılmışdı. Eyni hala Üzeyir bəyin, Bülbülün büstlərundə də rast gəlmişdim. Hətta bir qədər də geri qayıdaq. Xocalı faciəsi dövründə əsirlərimizin diri-diri gözlərini çıxarırdılar. Ağdam məscidində gördüyüm cəsədlərin çoxunun gözləri yox idi.

– Sizcə, bunun səbəbi nədir?

– Səbəbi psixoloji xəstəlik, etnik xofdur. Onlar azərbaycanlıların gözünə baxmaqdan qorxurlar. Ona görə nə qədər sülh olsa da, qələbənin sevincini yaşasaq da, bu məqamı unutmamalıyıq. Elə bu büstləri də olduğu kimi saxlamalıyıq. Çünki kökümüz nə qədər güclü olsa, bir o qədər toxunulmaz olacağıq.

 Reza bəy, əminəm ki, Nizami yaradıcılığına bələdsiniz.

– Əlbəttə. Mən Nizamini uşaqlıqdan oxuyuram. Özü də fars dilində. Nizami nəinki Azərbaycanın, bütün dünyanın dəyəridir, humanizmin simvoludur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın