Qarabağ həsrətli xarı-bülbül, sən demə təkcə Şuşada bitmirmiş. Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar…

Dünyanın heç bir yerində rast gəlinməyən bu gül tanrının bizə göndərdiyi ən böyük möcüzələrdən biridir. Onun haqqında rəvayətlər, nağıllar var. Zaman-zaman şairlərin, yazıçıların, musiqiçilərin ilham qaynağı olan bu unikal çiçək məhz bu torpağa — Azərbaycana məxsusdur.

Əsrarəngiz xarı-bülbülün adı Qarabağın, Şuşanın adı ilə qoşa çəkilir. Çünki Qarabağ onun vətəni sayılır. Hər kəs bu gülün təkcə Qarabağda bitdiyini bilir. Ancaq, sən demə, xarı-bülbülə Zaqatala — Qax bölgəsində də rast gəlmək olar.

Bəxtiyar Vahabzadənin Zaman adlı Qarabağ atına yazdığı şeir
Zaman adlı Qarabağ atı – Bəxtiyar Vahabzadə

Sputnik Azərbaycana danışan Qax rayonunun Qaratala kənd sakini Şamama Abbasova deyir ki, əvvəllər kəndlərindəki meşədə bu gülü görsələr də, xarı-bülbül olduğunun fərqinə varmayıblar: “Qarabağ işğal olunan vaxtlar idi. Kəndimizdə məskunlaşmış, Ağdamın Mərzili kəndindən olan məcburi köçkün Zöhrə İsmayılova dedi ki, xarı-bülbül ancaq Şuşada bitir. Mən onunla mübahisə etmədim, xarı-bülbülü gətirib ona verəndə qadın gülü qucaqlayıb hönkürtü ilə ağladı. Gülə dedi ki, “sən də ermənin əlindən qaçıb bura gəldin?””.

Həmsöhbətimiz qeyd edir ki, indi Qaxda xarı-bülbülə çox az rast gəlinir: “Təəssüf ki, bu torpaqlarda da bu gül azalıb. Əvvəllər indikinə baxanda daha çox görərdik”.

Biologiya elmləri namizədi, İlisu dövlət qoruğunun baş elmi işçisi Tahirə Abdullayeva da mövzu ilə bağlı düşüncələrini Sputnik Azərbaycanla bölüşür. O, xarı-bülbüllə bağlı hələ illər əvvəl elmi işində yazmaq istədiyini bildirir.

“Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun dissertantı olaraq Qax rayonunun florası haqqında elmi iş yazdım. 1996-cı ildə elmi işimi müdafiə edəndə yığdığım bitkilərin içərisində xarı-bülbül bitkisi də var idi. Mən həmin bitkinin Qaxda bitməsi ilə bağlı akademik Vahid Hacıyeva məlumat verdim” — deyir T.Abdullayeva.

“Lakin, rəhmətlik akademik Cəlal Əliyev bu bitkini elmi işimə salmağa icazə vermədi, dedi ki, bu gül yalnız Şuşadadır. Mənə 3 gün vaxt verdilər. AMEA Botanika İnstitutunun məlumat Herbarisində yoxladım və akademiklər Vahid Hacıyev və Cəlal Əliyev də həmin bitkinin xarı-bülbül olduğunu tdoğruladılar”, — deyə T.Abdullayeva əlavə edir.

Bioloq alim xarı-bülbülün kökünün kəsiləcəyindən narahatdır: “”Xarı-bülbül təhlükədədir” mövzusunda mətbuatda çıxışım olub. Mən bir bioloq kimi bu gülün məhv olmasından çox rahatsızam”.

Şuşanın adı dillərdə dastan olan əsrarəngiz gözəlini — xarı-bülbülü görmək istəyənlər Qaxa gələ bilərlər. Ancaq hər bir azərbaycanlının ən böyük arzusu bu ecazkar çiçəyi elə öz vətənində — Qarabağda, Şuşada görməkdir.

https://www.youtube.com/watch?v=gvvBe_FYBpU

Xarı-Bülbül

Прекрасная орхидея Хары Бюльбюль

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın