Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Ziyafət Əsgərovla olan həmin müsahibəni təqdim edir.

– Ziyafət müəllim, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra bölgədə yaranmış durumu necə dəyərləndirirsiniz?

– Bildiyim qədər bu görüşün təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putin olub, onun dəvəti ilə belə bir görüş reallaşıb. Sözsüz ki, görüşün əsas müzakirə predmetini Qarabağ məsələsi təşkil edib. Bu da mümkündür ki, görüşdə Paşinyana bir daha izah olunub ki, 10 noyabr 2020-ci il bəyanatına əməl olunmalıdır. Bu bəyanatın müddəalarının yerinə yetirilməsi Rusiyanın özü üçün də maraqlıdır. Çünki kommunikasiyaların açılması Azərbaycan, Rusiya, Ermənistan üçün də əlverişlidir. Ermənistan cəmiyyətində revanşist hisslərin olması fonunda belə bir tələblər açıq xəbərdarlıq kimi başa düşülməlidir. Çünki məhz Paşinyana verilən tapşırıq da o ola bilər ki, bu kimi məsələlərə yol verilməməlidir.

– MDB-yə üzv dövlətlərin sammitinin keçiriləcəyi ərəfədə belə bir görüş nə dərəcədə əhəmiyyətli idi?

– “Status” məsələsi artıq bitib. Bu, dəfələrlə vurğulanıb. Dövlət başçısının da bununla bağlı konkret mövqeyi var. Paşinyan da artıq bu məsələləri başa düşməyə çalışır. Sadəcə olaraq erməni cəmiyyətində elə bir psixoloji durum yaranıb ki, onlar real mənzərəni qəbul etmək istəmirlər. Ancaq zaman keçdikcə bu hallar da öz yerini tapacaq. Çünki anlaşmada nəzərdə tutulmuş kommunikasiya xəttləri açılmasa, Ermənistan düşdüyü ağır durumdan, blokada şəraitindən çıxa bilməyəcək. Məhz zamanında Qarabağ məsələsinin girovuna çevrilən Ermənistan və onu idarə edənlər başa düşməlidir ki, reallıqla barışmaqdan başqa çıxış yolları yoxdur. Eyni zamanda bu durumdan çıxmaq üçün Ermənistana heç kəs də yardım etməyəcək.

– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın sədrliyi ilə nəyə ümid bəsləyirlər?

– Bu gün Ermənistanda bəzi qüvvələr KTMT-a “böyük ümidlərlə” yanaşır. Ancaq Paşinyana verilən təlimat o idi ki, bu təşkilata güvənməsin. Çünki KTMT-nın bu məsələnin həllinə və başqa proseslərə heç bir aidiyyatı yoxdur. Mövcud münaqişə Azərbaycanın suveren ərazisində baş verib. Artıq bu münaqişə yoxdur. Döyüşlər heç bir halda Ermənistan ərazisində getməyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan bundan sonra normal yaşayış, qonşularla münasibət saxlamaq istəyirsə, iddialarından imtina etməlidir. Həmçinin üç ölkə arasında əldə olunmuş birgə anlaşmaların yerinə yetirilməsi ilə mümkün olacaq. Erməni tərəfindən kimlərinsə, KTMT-a sədrlik dövründə nəsə edəcəkləri ilə bağlı ümidləri isə tamamilə anlamsızdır. Rusiya prezidentinin bununla bağlı mövqeyi var ki, döyüşlər Azərbaycanın ərazisində gedib”. Eyni zamanda Ermənistanın mövcud anlaşmadan imtinası onun üçün intihar ola biləcəyi də vurğulanıb.

– Zəngəzur dəhlizi ilə bağlı bir çox çevrələrin rahatsızlığı nə ilə bağlıdır?

– Ölkə başçısı bununla bağlı mövqeyini bir daha bəyan edib. Azərbaycan qonşuluq münasibətlərinə sadiqdir. Əsas istəyimiz də odur ki, qonşularımız da bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın. Bu, belə də olacaq. Çünki hadisələrin inkişafı məhz buna doğru gedir. Bu başqa cür də ola bilməz. Kimin nə deməsindən asılı olmayaraq Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Hər bir qonşu dövlət öz yerini bilməlidir.

– Türkiyə və Rusiyanın bu regionda tənzimləyici rolundan rahatsız olan güclərin narazılığı nəyə əsaslanır?

– Bölgədə yeni bir proses yaranıb. Buna heç kim maneə ola bilməyəcək. Artıq Şərqi Zəngəzurda tikinti işləri sürətlə yerinə yetirilir. Qarabağda da bərpa, quruculuq işləri uğurla gedir. Heç bir dövlət Azərbaycanda gedən bu proseslərə maneə ola bilməyəcək. Azərbaycan müharibənin qalibidir. Dövlətimiz beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə bu məsələni həll edib. Beynəlxalq hüququn işləmədiyi bir dövrdə Azərbaycan BMT qətnamələrini özü təkbaşına yerinə yetirdi. Ancaq 30 il boyunca bu qətnamələri yerinə yetirmək elə həmin qurumların başlıca vəzifəsi idi. Ölkəmiz üçün heç bir çıxış yolu qalmadığı üçün dövlətimiz təkbaşına beynəlxalq hüququ təmin etdi. Bundan sonra kimsə Zəngəzur dəhlizinin bərpasına, orada gedən işlərə mane ola bilməyəcək. Bu, artıq təbii bir prosesdir, uğurla da sona çatacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın