“Avropadakı “Qarabağ” FK Azərbaycan çempionatındakından fərqlidir”.

YALAN.info bildirir ki, bunu “Zirə”nin portuqaliyalı futbolçusu Tiaqo Silva ölkəsinin mediasına müsahibəsində deyib.

23 yaşlı qapıçı Portuqaliya klubu “Braqa”nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la bağlı məlumatlar verib. O, Azərbaycan çempionunun avrokuboklarda daha balanslı oyun sərgilədiyini bildirib: “Qarabağ” burada daha çox dominant olmağı, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropada isə əksinədir. Sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.

O, “Braqa”nı cütün favoriti adlandırıb: “Ancaq onlar oyuna ciddi yanaşmalıdırlar. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcək. Azərbaycan komandası yanvardan sonra çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik. Hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bu yana, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

Tiaqo Silvanı ən çox narahat edən məqam hava şəraitidir: “Son bir neçə gündə hava yaxşılaşıb, ancaq hər an küləkli ola bilər. Bu da çox ətinliklər yaradır. Soyuğa dözmək olur, ancaq küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, oyun cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

Qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer 04” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə, “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Ancaq başqa komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”.

Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eynisəviyyəli heyətləri var. Bizdə nisbətən kasad heyət var”.

Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə fevralın 16-sı saat 00:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması fevralın 22-də Bakıda reallaşacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın