“Serbiya ilə Azərbaycan arasındakı bağlantılarda humanitar sahə çox önəmli yer tutur. Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışına da qoşulacaqsınız. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük sayğı var. Humanitar sahədə olan bağlantılar xalqlararası əlaqələrin inkişafında önəmli yer tutur”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcək ki, Serbiya ilə Azərbaycan daim bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər. Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaq”, – deyə o vurğulayıb.

 İ.Əliyev vurğulayıb ki, Serbiya ilə bağlantılar Azərbaycan üçün çox böyük önəm daşıyır: “Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik”.

Azərbaycan prezidenti bildirib ki, bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı da olub: “Biz strateji tərəfdaşıq. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapıb. Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik”.

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü

Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü

Azərbaycan-Serbiya arasında bir sıra sənədlər imzalanıb

Mayın 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması baş tutub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzaladılar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kuburoviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

Azərbaycan-Serbiya sənədləri imzalanıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın