Ağdamın “Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

YALAN.info bildirir ki, “köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Georgios Karaiskakis” stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub.

20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji durum Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk yarı qolsuz heç-heçə ilə sona çatıb.

İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb.

82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Ancaq onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev gözəl zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur.

Olympiacos 0:3 Qarabag | UEFA Avropa Liqası, 3-cü tur | İCMAL
Öncəki xəbərDünyada internetdən istifadə edənlərin sayı artır
Sonrakı xəbərVolodimir Zelenski: Rusiya İran istehsalı olan “Şahid” raketləri ilə Ukraynanı vurur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın