Prezident İlham Əliyev ATƏT-in sədri Ann Lindenlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, öncə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, xanım nazir. Sizi görməyə çox şadam. Bizim təkbətək danışmaq imkanımız oldu, indi isə nümayəndə heyətlərinin iştirakı ilə görüşürük. Sizin səfərinizə böyük önəm veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox önəmlidir.

Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey – şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir parçasıdır. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik. Bilirəm ki, bu günlərdə çox məşğulsunuz, çox ölkəyə səfər edirsiniz. Mən sizi Azərbaycanda görməyə çox şadam. Ümidvaram ki, ölkəmizə səfəriniz çox məhsuldar olacaq. Bir daha xoş gəlmisiniz.

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde dedi:

– Çox sağ olun. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bakıya belə uzun müddətdən sonra qayıtmaq sevindirici haldır. Təəssüf edirəm ki, payızda gələ bilməmişəm. Çünki hökumətimiz həmin vaxt uçuşların həyata keçirilməsinin təhlükəli olduğunu sayırdı və buna görə mən gələ bilməmişdim. Ancaq indi mən buradayam. Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim başlıca prioritetimiz Avropada güvənlik sistemini qorumaqdır və güvənliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi gözdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və güvənlik bizim üçün prioritet məsələlərdir. Düşünürəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq olar.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir