“Türkiyənin tarazlıq amili olaraq Qarabağda, Suriyada və Liviyada olması AB, NATO, Qərb birliyi üçün son dərəcə önəmlidir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzularla bağlı sualları cavablandırarkən deyib.

“Qarabağ məsələsində bizə tənqidlər gəldi: “Anlaşma əldə olundu, ancaq Rusiya önə çıxdı. Rusiya əsgərləri orada 5+5 il olacaq”. Mən də bu cür cavab verdim:

“Rusiya əsgərinin varlığından rahatsız idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı Rusiya hərbi bazalarını çıxartmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun, edin. Ermənistan çıxarsın oradakı Rusiya əsgərlərini”.

Rusiya əsgəri Qafqaza, ya da Ermənistana yenicə gəlməyib ki, illərdir oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ bir atəşkəs təşəbbüsü irəli sürdü, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs iki gün çəkdi.

Bundan başqa, Fransa, məsələn, hər hansı bir təkliflə çıxış etdimi? Avropadan, NATO-dan və ya AB-dən hansı tətbiq edilə biləcək təklif gəldi ki, biz də onu geri çevirdik? Ancaq Rusiya ilə oturub bu 30 illik münaqişəni çözəcək, 2-3 aydır davam edən əməliyyatları sonlandıracaq bir anlaşma üzərində razılığa gəldik.

İndi Türkiyə əsgəri də orada olacaq. Müşahidəçi qüvvə kimi orada olacaq. Bu, Qərb və Avropa üçün də strateji qazanc olaraq görülməlidir”, – deyə İ.Kalın bildirib.

“Danışıqların ilk mərhələsi tamamlandı. Rusiya tərəfi bizim fikirlərimizi öyrəndi. İndi onlara Kremldən gərəkli göstərişlər veriləcək. Əsgərlərimiz, müdafiə, xarici işlər nazirlikləri və MİT aparır bu işləri. Qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacaq, kim hansı işi görəcək mövzularında müzakirələrin tamamlanmasını gözləyirik.

Türkiyə əsgərləri istənilən halda orada olacaqlar. Biz onsuz da oradayıq. Azərbaycanla olan çox özəl münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq anlaşmalarımız çox öncədən var. Bu anlamda, biz onsuz da oradayıq. Qanun layihəsi də qəbul edildi. Müşahidəçi qüvvə olaraq da biz orada olmağa davam edəcəyik”, – deyə İ.Kalın bildirib.

Qalın Ermənistanla orta və uzunmüddətli perspektivdə münasibətlərin düzəlməsinin bütün bölgə üçün müsbət olacağını, bunun ən başda Ermənistanın mənafeyinə olduğunu söyləyib.

Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin önəmliyini vurğulayan İ.Kalın dəhlizin açılmasının ən azı Qarabağın azad edilməsi qədər dəyərli olduğunu söyləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın