Türkiyənin TRT World telekanalı Fransanın İŞİD terror qruplaşması ilə əlaqələrini ifşa edən sənədli film təqdim edib. Filmdə bildirilir ki, bu əlaqələr “Lafarge” sement nəhəngi vasitəsilə qurulub.

“Fabrik: gizli fransız əməliyyatı” adlı sənədli film Parisdə 2015-ci ildə baş vermiş terror aktlarının altıncı ildönümündə beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan qorxunc şəbəkəni üzə çıxarır.

İkihissəli film 2 illik jurnalist araşdırması nəticəsində meydana gəlib. Araşdırmanın gedişində yarım milyondan çox sənəd diqqətlə incələnib.

Daha öncə “TRT World”un baş redaktoru olan, indi isə “Anadolu” agentliyində uyğun vəzifəni icra edən Sərdar Karagözün sözlərinə görə, iki il qabaq layihəyə başlayarkən nəticənin bu qədər böyük olacağını gözləməyiblər:

“Bu sənədli filmdə Fransanın “Lafarge” şirkətinin Suriyadakı çirkli əməliyyatları təqdim olunub”.

Sözügedən sənədli filmdə “Lafarge” şirkətinin nəyə görə Suriyada qalmağa və öz fabrikini bütün müharibə dövründə işlək vəziyyətdə saxlamağa qərar verməsi, Fransanın xüsusi xidmət orqanlarının məlumatı və himayəsi altında AB-nin vəsaitlərinin İŞİD və PKK-ya necə yönləndirilməsi, fransalı siyasətçi və xüsusi xidmət orqanlarının “Lafarge” şirkətini məhkəmə işlərindən xilas etmək üçün hansı addımları atması və Suriyada İŞİD-in maliyyələşdirilməsinin 2015-ci il Paris teraktının necə maliyyələşdirilməsi ilə nəticələnməsindən danışılır.

Sənədli filmdə həmçinin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Alen Jülye, maliyyə naziri Mişel Sapen, Suriya səfiri Mişel Dyuklo, deputat Jerar Bapt kimi keçmiş rəsmilər, həmçinin Fransa kəşfiyyatının və təhlükəsizlik xidmətlərinin mütəxəssisləri, “Lafarge” şirkətinin keçmiş əməkdaşları və Paris teraktının qurbanlarının müsahibələrinə yer verilib.

The Factory: A Covert French Operation – Part I
The Factory: A Covert French Operation – Part II

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın