Dünyaca tanınmış Hollywood aktyoru Arnold Şvartsenegger (Arnold Schwarzenegger) sosial media hesablarından Rusiya xalqına səslənib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Şvartsenegger Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı gerçəkləri açıqlayacağını bildirib. Məşhur aktyor video-müraciətində deyib:

“Rusiyadan olan dostlarıma və Ukraynada döyüşən rusiyalı hərbçilərinə səslənirəm. Bu gün sizə sizdən gizlədilən hadisələr barədə danışacam. Dəhçətli hadisələr baş verir. Ancaq sizə acı reallıqdan bəhs etməzdən öncə mənim qəhrəmanıma çevrilmiş bir rusdan danışacam.

1961-ci ildə mənim 14 yaşım var idi. Yaxşı bir dostum məni Vyanaya Ağır Atletika üzrə Dünya Çempionatına dəvət etdi. Mən Yuri Petroviç Vlasovu çempionatda 200 kiloqramlıq ağırlığı qaldıraraq qalib gəldiyinin şahidi oldum. Dostum bizi kulisə apardı. Qarşımda dünyanın ən güclü adamı dayanmışdı və mənim əlimi sıxdı. Əlim onun əlinin içində itdi. O çox mehriban və istiqanlı idi. Mən o günü heç vaxt unutmadım.

Evə qayıtdım və onun fotosunu çarpayımın üzərinə asdım ki, ağırlıq qaldıranda həmişə məni ruhlandırsın. Ancaq atam dedi ki, şəkli oradan götürüm. Dedi özünə almaniyalı, ya da avstriyalı qəhrəman tap. O mənə əsəbləşdi. O rusları II Dünya Müharibəsindəki təcrübələrinə görə sevmirdi. Lakin mən fotonu oradan götürmədim. Mənim vecimə də deyildi Yuri hansı millətin adından çıxış edir. Mənim Rusiya ilə əlaqələrim kəsilmədi. Hətta daha da dərinləşdi”.

Şvartsenegger Rusiya ilə əlaqələrinin güclənməsində rol oynayan hadisələrə toxunduqdan sonra əlavə edib ki, 14 yaşından bu yana Rusiya xalqına hörməti var: “Rusiya xalqının gücü və ürəyi məni həmişə ruhlandırıb. Buna görə də, ümid edirəm ki, Ukraynada baş verən hadisələrlə bağlı mənə doğruları deməyə icazə verərsiniz.

Heç kəsə öz ölkəsinin idarəçiliyi ilə bağlı tənqid eşitmək xoş deyil. Başa düşürəm. Ancaq Rusiya xalqının köhnə dostu kimi mənim dediklərimə qulaq asacağınıza ümid edərəm. Mən bilirəm ki, sizin hökumət deyir ki, bu müharibə Ukraynanın denazifikasiyası üçündür. Ukraynanın denazifikasiyası? Bu doğru deyil.

Ukrayna prezidenti əslən yəhudi olan bir dövlətdir. Hansı ki, həmin prezidentin atasının üç qardaşı nasistlər tərəfindən öldürülüb. Bu müharibəni Ukrayna başlatmayıb. Müharibəni nasistlər də başlatmayıb. Müharibəni Kreml gücləri başladıb. Bu Rusiya xalqının müharibəsi deyil. İndi Ukraynada apardığı müharibəyə görə Rusiya bütün dünya ölkələrindən təcrid edilib”.

Bundan başqa, aktyor Putinin özünə də müraciət edib: “Kremldə hakimiyyətdə olanlar, sizdən soruşum: niyə bu gəncləri öz ambisiyalarınıza qurban verirsiniz? … Prezident Putinə deyirəm: Siz bu müharibəni başlatdınız. Siz bu müharibəyə rəhbərlik edirsiniz. Siz bu müharibəni dayandıra bilərsiniz”.

Şvartsenegger, Ukraynadakı müharibəyə etirazını bildirmək üçün küçələrə çıxaraq həbs olunmaq riski ilə üzləşənlərə də mesaj göndərib: “Dünya sizin şücaətinizi gördü”, – dedi. “Biz bilirik ki, cəsarətinizin nəticələrini çəkmisiniz. Saxlanıldın, həbs olundun və döyüldün. Siz mənim yeni qəhrəmanlarımsınız. Sizdə Yuri Petroviç Vlasovun gücü var. Sizdə əsl Rusiyanın ürəyi var”.

A message to the Russian people

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın