Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində atəş açması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistan ordusu dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu rayonlardakı yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində durumu daha da gərginləşdirmək üçün Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərGözəl Zutova erməni idmançıya dəmir yumruğun gücünü hiss etdirdi
Sonrakı xəbərDel Piero və Totti İtaliya futbol tarixinin rəmzi komandasına salınmadı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın