Son günlərdə İranın kütləvi informasiya vasitə­lərində yayımlanmış müsahibəsində İran İslam Respublikasının (İİR) Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi həqiqətə uyğun olmayan açıqlamalar verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının xəbərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) rəsmi olaraq bildirib ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, indi də yoxdur və bundan sonra da olmayacaq.

DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması ilə bağlı iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri yoxdur. Azər­baycan Res­pub­likasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanları olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq, bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

İndi İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, Dövlət Sərhəd Xid­məti İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın