Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa Çempionatı başa çatıb.

YALAN.info bildirir ki, sonuncu – XI turun görüşlərindən sonra Azərbaycan təmsilçilərinin yarışdakı son mövqeyi bilinib.

Vasif Durarbəyli qitə birinciliyində Azərbaycanlı qrossmesyterlər arasında ən yaxşı nəticəyə imza atıb. O, Avropa Çempionatını 8 xalla 8-ci sırada başa vurub. Vasif 8,5 xalla yarışın qalibi olmuş almaniyalı Mattias Blübaumdan yarım xal az toplayıb.

Hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 9, 10 və 11-ci yerləri, Nicat Abbasov isə 25-ci pilləni tutub. İlk “20-lik”də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Bildirək ki, Azərbaycanı Avropa Çempionatında həmçinin Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli, Gövhər Beydullayeva, Riad Səmədov, Murad İbrahimli, Şahin Vəliyev və Toğrul Həsənzadə təmsil ediblər.

Sloveniyada şəxsi Avropa Çempionatında iştirak edən üç şahmatçımız fərdi normativləri yerinə yetirib: Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Read Səmədov və Aydın Süleymanlı yeniyetmələr arasında uyğun olaraq 2 və 3-cü yerləri tutublar. Gövhər Beydullayeva isə xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın