Allahşükür Paşazadə: Ağdam və Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Ziyarətdən sonra A. Paşazadə məscidə Quran kitabı hədiyyə edib.

QMİ sədri kitabı Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edib. Daha sonra Allahşükür Paşazadə jurnalistlər üçün brifinq keçirib.

“İşğaldan öncə iki dəfə Şuşaya gəlmişdim – bir dəfə məscidin açılışında, ikinci dəfə imam təyin olunanda. Daha sonra hadisələr başladı deyə, gələ bilmədik. Ağlımıza gəlmirdi ki, elə hadisələr olacaq, torpaqlarımız işğal altına düşəcək”.

APA xəbər verir ki, bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, ermənilər zəbt etdikləri torpaqlarda 30 il boyunca heç bir iş görməyiblər, ancaq dağıdıb, məhv ediblər, özlərini insanlığa layiq olmayan formada aparıblar:

“Mənim də bu illər boyunca Şeyxülislam kimi öz apardığım işlər, görüşlər olub, erməni katolikoslarla da görüşmüşəm. O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, ancaq daxilimdə bir sınıqlıq vardı, çünki bir milyona qədər qaçqın və məcburi köçkünümüz var idi”.

Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill və Katolikos ikinci Qareginlə də görüşlərinin olduğunu deyən Şeyxülislamın sözlərinə görə, həmin görüşlərdə Katolikosdan xahiş edib ki, sülhün başlanğıcı üçün heç olmasa bir neçə kəndin qaytarılmasına yardım etsin:

“Razılaşmadı. Özü də bu kəndlər Dağlıq Qarabağa aid deyildi, Ağdam və ya Füzulinin kəndləri idi, ancaq qəbul etmədilər. Bu gün isə bizdən əsirlərin qaytarılması, ya da hansısa kilsələrdə ibadətə şərait yaradılmasını istəyirlər. O kilsələr alban-udi kilsəsidir, ermənilər zəbt etmişdi. Katolikosun bizə müraciəti olub başqa-başqa yollarla, Patriarx Kirill və ya BMT xətti ilə görüş istəyiblər. Hələ tam cavab verməmişəm, əgər öz ambisiyalarından əl çəksələr, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşməyə hazırıq”.

QMİ sədri bildirib ki, bugünkü Zəfər ən böyük zəfərdir, ən böyük qalib isə Prezident İlham Əliyevdir:

“Yüz illər boyu belə qələbəyə rast gəlməmişəm. Bu gün İlham Əliyev cənabları öz adını tarixə Qalib kimi yazıb. Buradakı ibadətimizin böyük savabı, mənası var, Azərbaycan xalqı öz Şeyxinin Şuşaya gedib ibadət etməsini gözləyirdi. Başqa dinlərin də nümayəndələri də mənə müraciət edirdi, qismət bu günə imiş. Bundan sonra arzumuz var ki, bu cür yerləri bir daha ziyarət edək. Bu yerlər bizim üçün müqəddəsdir, yəqin ki, başqa yerləri də ziyarət edəcəyik. Din borcumuzdan biri də budur”.

Əlavə olaraq qeyd edib ki, ən böyük sevinclərdən biri Ərdoğanın ailəsi ilə Şuşaya gəlməsi, Şuşa Bəyannaməsinin imzalanmasıdır: “Şuşa Bəyannaməsi göstərir ki, gələcəkdə də iki qardaş arasında dostluq münasibətləri davam edəcək, qələbəmiz daimi olacaq”.

QMİ sədri bildirib ki, həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır: “Şuşaya gələndə gördüm ki, yeni yollar salınır, Şuşa abadlaşdırılır. Bunlara görə, dövlət başçısına, Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm”.

Bununla da iyulun 10-11-də baş tutan səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatlarının Şuşaya səfəri sona çatıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir