Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlunun tutduğu vəzifələrdən istefa verməsi, mayın 22-də AKP-də fövqəladə qurultay qərarı qəbul etməsi dünyanın qaynar gündəmi olmağa davam edir. Baş verənlərin pərdəarxası məqamlar barədə jurnalistlərin və müstəqil politoloqların irəli sürdüyü iddiaların isə ardı-arxası kəsilmir.

Kulvarlarda dolaşan iddialara görə hər şey ötən ay AKP-nin Mərkəzi Qərar İcra Heyətinin (MKYK) iclasından sonra başlayıb. İddialara görə, aprelin 29-da keçirilən MKYK iclasında Əhməd Davudoğlunun MKYK-dakı bəzi səlahiyyətlərinə məhdudiyyət qoyulub.

Mərkəzi İcra Heyətinin (MYK) 2 gün sonra keçirilən iclasında Əhməd Davudoğlu təyin etmə səlahiyyətinin məhdudlaşdırılmasını gündəmə gətirib. Davudoğlu şikayət edərək, şəxsən seçdiyi MYK üzvlərindən dəstək istəyib.

“Mən bu partiyanın sədriyəm. Amma məndən xəbərsiz, mənə qarşı belə bir addım atılıb. Bunun düzgün bir metod, yol yoldaşlığına uyğun bir hərəkət kimi qəbul etməyim mümkün deyil.”

İddialara görə baş nazirin bu sözlərindən sonra Mehmet Əli Şahin və Səlcuq Özdağ Davudoğluna xəbər vermədən səlahiyyətlərin məhdudlaşdırılmasının düzgün olmadığını, izlənən yolun uyğun olmadığını deyiblər.

Amma başda Abdulhəmid Gül olmaqda bir çox partiya üzvü Davudoğluna qarşı kəskin reaksiya göstərib. Onlar MKYK-da səlahiyyətin məhdudlaşdırılmasını müdafiə edərək, “Bu partiyanın bir lideri var. O da Rəcəb Tayyub Ərdoğandır. Hamımız ona bağlıyıq. Bu partiyada siyasət belə aparılır. Bəyənməyən getsin.” – deyiblər.

Bu kəskin reaksiyadan sonra Əhməd Davudoğlu Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanla görüşərək tutduğu vəzifələrdən istefa vermək istədiyini açıqlayıb.

İddialara görə, AKP daxilində Əhməd Davudoğluna yaxın olan millət vəkilləri olsa da, onlar da baş nazirə hər hansi bir dəstək nümayiş etdirməyiblər.

Əslində Əhməd Davudoğlu təfərrüatları açıqlamasa da ötən gün verdiyi bəyanatda son MKYK iclasından sonra istefa qərarı qəbul etdiyini açıqlamışdı.

Hər zaman verdiyi bəyanatların sətiraltı mənası olan Davudoğlunun ötən gün verdiyi açıqlamanın şifrələri isə belə açıqlanıb: “Siyasətdən gedirəm. Akademik həyata, universitetə qayıdıram.”

Daha əvvəl Türkiyənin xarici işlər naziri olan Əhməd Davudoğlunun hərbi akademiyada və bəzi universitetlərdə akademik fəaliyyətləri də olub.

Mayın 4-də prezident Ərdoğanla baş nazir Davudoğlu arasında baş tutmuş 1 saat 40 dəqiqəlik görüşdən sonra Ankara kulvarlarında baş nazirin istefa verəcəyi barədə iddialar sürətlə yayılmışdı. Mayın 5-də isə AKP MKYK-nın 35 dəqiqəlik iclasından sonra Davudoğlu baş nazirlikdən və AKP sədrliyindən istefa verdiyini açıqlamışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın