Bu il fevral ayının 26-sında Dünya tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı Soyqırımının 25-ci ildönümüdür. 613 nəfərdən  63-ü uşaq, 106-sı qadın, 70-i qocanın vəhşicəsinə öldürülməsi ilə nəticlənən Xocalı soyqırımını törədənlər isə – Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyan kimiləri hələ də sərbəstlikdə gəzir.

“Azərbaycan dövləti dünyanın istənilən bölgəsində yaşayan hər bir azərbaycanlının arxasındadır. Mənim Gürcüstana səfərim və bu ölkədə azərbaycanlıların yığcam yaşadıqları bölgədə yaşayan Xocalı ailəsinə baş çəkməyim də Azərbaycan dövlətinin siyasətinin nümunəsidir”.

Report İnformasiya Agentliyinin Gürcüstan bölməsi bildirir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisin deputatı Elman Məmmədov fevralın 25-də Xocalı Soyqırımında 20 nəfər yaxınını itirmiş Kətan Ələkbərovanın ailə üzvləri ilə görüşdə söyləyib.

E.Məmmədov 1992-ci ildə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işlədiyini, hər xocalılını öz doğma adamı hesab etdiyi bildirib. O deyib ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsidə misli görünməmiş cinayətlər törədiblər: “Xocalı facəisi bu cinayətlərin ən ağırı idi. Xocalıda elə bir ailə tapılmaz ki, yaxınını, doğmasını itirməsin. Kətan xanımın yaxınlarından 20 nəfər Xocalıda şəhid olub. Kətan xanım 1947-ci ildə Gürcüstana gəlsə də ürəyi hər zaman vətəni Xocalı ilə döyünüb. Onun yaxınları Xocalının müdafiəsində, əsir və girov götürülmüş insanların azad olunmasında xüsusi igidlik göstəriblər. Azərbaycan dövləti onların xatirəsini daim uca tutur“.

O, Gürcüstan parlamentində, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Xocalı Soyqırımı, Azərbaycanın və Gürcüstanın ərazilərinin işğalı ilə bağlı məsələlərin müzakirə olunduğunu vurğulayıb. Gürcüstan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Xocalı Soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduqlarını və bu qanlı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən gərəkli dəyərin verilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

90 yaşlı Kətan Ələkbərova Azərbaycan dövlətinin qayğısını daim duyduqlarını, Milli Məclisin deputatının onlara baş çəkməsini yüksək dəyərləndirib.

Ailə üzvləri Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması üçün bu gün də döyüşə hazır olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin üzvləri, eləcə də Tbilisinin müxtəlif universitetlərində təhsil alan tələbələr də iştirak ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın