Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Rusiya sülhməramlı kontingentinin 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərin 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qeydə alınıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir

Qarabağa qanunsuz yolların çəkilməsi yolverilməzdir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilir ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın