Azərbayacan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud “Report” İnformasiya Agentliyinə müsahibə vermişdir. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni diqqətinizə çatdırır.

– “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer alan sözlərdən 40 mindən çoxunun “Orfoqrafiya lüğəti” statusuna bağlılığının olmadığını demişdiniz. Lüğətdə aparılan təmizləmə işləri nə vaxt başa çatacaq?

– Açığını deyim, bu gün dövriyyədə olan “Orfoqrafiya lüğəti”miz elə haldadır ki, indiki durumda onun statusu ilə bağlı hər hansı fikir yürütmək önəmini itirib. Hər birimiz bilirik ki, orfoqrafiya lüğəti milli ədəbi dildə olan sözlərin düzgün yazılışını bildirən ali dil vəsaitidir, dilin ana kitabıdır. Burada isə durum tamam ayrı cürdür və mən dövlət dilinin anası, yəni ilkin fundamenti və aynası sayılan bu kitabın hansı səbəbdən belə hala salındığını anlaya bilmirəm.

İlk növbədə, bundan başlayım ki, sözlərin düzgün yazılışını bildirməli olan bu kitab minlərlə yazılışı səhv, ya da mənası qüsurlu sözlərlə doludur: «bakal», «baletçi», «əyriqılça», «əyriqılçalıq», «epidemiyalaşmaq», «fotoqraflama», «ekssentriklilik», «büdrəgən», «büdrəgənlik», «boylu-hamilə», «boyluluq-hamiləlik», «aqrari», «antimexanizator», «antikometaprojektor», «çalançı»», «çömmə», «çəplikli», «çayçıxana», «eyibləmə»», eyiblik», “elektrovozqayıran», «fondsaxlama», «fondsaxlayan», «etüd-seans», «çaparçı», «isteblişmentcə», «isteblişmentcəsinə», «bikar», «bikarçılıq», «balansöyrənmə», «arxitektor-dendroloq» və başqa-başqa.

Eləcə də kitabda, dildə işlədilməsi yolverilməz olan «eşşəkqabırğa», «anqutboğaz», «araqlama», «asfaltsifət», «arvadoğlu», «eşşəkqulağı», «badımcanburun», «çezmək», «çezdirmə», «çezdirtmə», “ağzıheyvərə», «əkələnmə», «əkələmə», «bəbirlənmə», «ağzıcırıq, «arvadsifət», «evyıxanlıq», «çərdəymişlik», «çırt-pırt», «çızqırtma», «çoşqabala», «çürükçənə», «çuşka», «andıraqalmış», «andıraqalma», «balağagirən», «başıbatmışlıq», «bərkgedənlik», «cananlıqedən», «cananlıqetmə», «cananolma» və b. bu kimi yüzlərlə küçə və ara sözləri, onların hər birinin hallandırmaları yer alır ki, bunların da belə bir formatlı lüğətə hansı məqsədlə salındığının mənası anlaşılmır. Burada siz məişətdə, sosial həyatda işlədilməyən minlərlə terminlərlə, dərman və kimyəvi element adları, onların gərəksiz hallandırmaları ilə qarşılaşa bilərsiniz. Məsələnin başqa absurd yanı budur ki, Azərbaycan sözlərinin düzgün yazılışını bildirməli olan bu kitaba heç bağlılığı olmayan bu terminlərin, hətta özlərinin də çoxunun yazılışı bu cür yanlış verilib: «qasteroloq», «qamma-fraza», «aximiya», «akredititassiya», «qamma-radiassiya», «qamma-«fakoliz», «fazmetr», «fakoanafilaksiya», «feldeger», «fanerozey», «fasilitatoluq», «beüz», «frambiziya», «franşız», «ftorasenat», «geodezik», «genetik-minerologiya», «genetik-avtomatik», «indefrent», «indoksikasiya», «ionazasiya», «ionazator», «geoloji-hidrogeoloji», «gibbs» və başqa-başqa. Bəzən isə burada, ümumiyyətlə olmayan, uydurma terminlərlə qarşılaşılır ki, bunun da nədən ötrü edildiyinin səbəbi anlaşılmır. Lüğətin başqa çatışmazlığı, sanki səhifələrini artırmaq istəyilə minlərlə gərəksiz sözlər və söz hallandırılmaları ilə süni şəkildə doldurulmasıdır: «fırçatutan», «fırçavarı», «fırçavarılıq, «fırçayabənzərlik», «fırçayaoxşarlıq», «fırçaşəkillilik», «çəngələbənzər», «çəngələbənzərlik», «çəngələoxşarlıq», «çəngəlvarılıq», «çəngəlşəkillilik», «boruyaçıxan», «boruyaçıxma» və başqa-başqa. Lüğətdə yer alan sözlərin böyük əksəriyyəti, sonuna mütləq şəkildə artırılan həmin bu gərəksiz «oxşar»-larla, «bənzər»-lərlə, «şəkilli» lərlə, «varı»larla təkrarlana-təkrarlana, uzana-uzana gedir. Lüğətdən çıxarılan bu sayaq sözlərin çoxu Tərcümə Mərkəzinin təsnifat üzrə hazırladığı cədvəlin «Lüzumsuz sözlər və söz hallandırmaları» sütununa salınıb. Bu sütunda siz, hətta Afrika ölkələrinin qəbilə adlarından, onların çalğı və əmək alətlərindən, ölkələrində bitən ekzotik bitkilərdən və toxumlardan tutmuş, dünyada olmayan xalqların və bitkilərin adlarınacan, adam adları, içki və şəhər adları, xarici maşın adları, əcnəbi aktyorların, kino-filmlərin, teatr, roman qəhrəmanlarının, orta əsrlərin siyasi hərəkatlarının və partiyalarının adlarınacan, Rusiyanın, hansısa uzaq bölgəsində ara rus sözlərindən qondarılmış market, dükan, vulkanizassiya adlarınacan, nə istəsəniz tapa bilərsiz. Adam, şəhər, kənd, qəsəbə və ölkə adlarının, hansısa ölkələrin musiqi, mahnı, rəqs adlarının orfoqrafiya lüğətində yerləşdirilməsi, təbii ki, ciddi nöqsandır və bu sözlər, kiçik hərflə verildiyinə görə təsnifatın «Yazılışı qüsurlu sözlər» sütununa yerləşdirilib.

Azərbaycan dilinin orfoqrafiya lüğəti

Lüğət, həmçinin dilimizdə işlənməyən, istifadə olunmayan minlərlə qəliz ərəb, fars, rus və başqa əcnəbi sözlər, ya da, bir neçə sözdən düzəldilmiş, cümlə uzunluğunda qurama sözlərlə doludur: «başmaqseyrinəçıxma», «diqqətəşayanolma», «dilənçipayıvermə», «dilənçipayıalma», «əğyarayarolma» «qanundanyankeçmə», «qanundanyankeçən», «qaralarlaoynama», «qaralarlaoynayan», «filqulağındayatan», «filqulağındayatma», «dərd-fəryadqoparan», «dərd-fəryadqoparma» «dabanıüstədönmə», «çəkməyaxamcırıldı», «çağırışçıolma», «çağırışçıolan», «fasonlukəsən», «fasonlukəsmə», «qarmaqdanasma», «qarmaqdanasan», «bəzənib-forslanma», «bəzənib-nazlanma», «boynubükükbaxan, «çalışıb-yaşama», «çapalayıb-bayılma», «çapalayıb-bayılmaq», «baxıb-qaçmaq», «ağgünəçıxma», «çənəçürklüketmə», «çərənçiliketmə», çətəçiliketmə», «çıxışçıolma», «çilsifətolma, «çırtıqlayıb-oynama» və başqa. Hansını deyəsən? Belə «sözlər» lüğətdə yüzlərlə, minlərlədir. Bu ifadələrin bu sayaq birləşdirilərək, əcaib şəkillərə salınmasının, ya da sözə oxşaması üçün defislə verilməsinin nə elmi, nə də məntiqi açıqlaması var.

Başqa anlaşılmazlıq, tədris vəsaitlərinin tərtibində, dövlət qurumlarının rəsmi yazışmalarında masaüstü köməkçi dil vəsaiti qismində istifadə olunan bu kitaba «qazıyıbqurdunçıxaran», «qazıyıbqurdunçıxarma», «meyitatış», «alt-üstgetmə», «biz-bizduran», «biz-bizdurma», «cırrıtgetmə», «ciftolma», «bircüretmə», «bircürə-bircürə», «bircürlük», «birdənçəkən», birdənçəkmə», «birsimsiz», «çəpikolma», «çağıldama», «çağıldamaq», «çartıltısızlıq», «ağvalideynlik», «forsorlaşma», «budünyalıqolan», «fisin», «qanburlaşdırma», «blokabənzərlik», «butulkayaoxşarlıq», «fenolaoxşarlıq», «donquzsuzluq», «elegiyavarılıq», «qəsəbəvarılıq», «çaynikyelən», «qıfvarılıq», «çıpıldama», «çıpıdatma», «çırtılma», «çılıqqalıq», «çömçəquyruqluq», «çivilənmək», «at-mal», «at-gün», «aşıq-incik», «çoxu-çoxu», «amitov», «alaxana-balaxana», «alabaşlılıq» və sair və ilaxır bu kimi, yüzlərlə mənası bilinməyən, yaxud söz düzəltmək xatirinə eybəcərləşdirilib tanınmaz hala salınan sözlərin, həmçinin müxtəlif heyvan, quş, əşya, bəzənsə, ümumiyyətlə mənşəyi bilinməyən gərəksiz səslərin yerləşdirilməsidir: «qart-qart», «qart-qurt», «qır-qur», «qırt-qırt», «qıs-qıs», «cük-cük», «cırt», «cırtacırt», «cırrıt», «cıqq», «cız-vız», «cur-cur», «cükk», «car-cur», «dit-dit» «dız», «dızz», «dü-dü», «domb», «dom-dom», «hav-hav», «ham-ham», «xar-xur», «hırt», laqq», «lırç», «şır», «tıs», «tıpp» və başqa. Məgər bunlar sözdür? Yer üzü, həyat, məişət səslərlə doludur. Hər insan eşitdiyi hər səsi bir cür səsləndirə, ifadə edə bilər. Onda belə çıxır ki, bütün olan səslər bu dil vəsaitində yer almalıdır? İt hürüşü «ham-ham» məgər Azərbaycan sözüdür? Üstəlik, bu sözü fərdə aid etməyin – «hav-havlamaq», yaxud «hürüb-mırıldamaq» – mənası nədir? Ümumiyyətlə, burada elə sözlər yer alır ki, oxucuda kitab tərtibçilərinin savadına və düşüncəsinə dərin şübhələr oyadır: «dövlətligörsənmə», «dır-dıretmə», «dit-ditetmə», «dız-dızoynama», «düd-düdetmə», «düsturolma», «dürtükolma», «dövranaçıxma», «döyənəkolma», «donuzbala», «didişməsalma», «diktatorolma», «qazıyıbqurdunçıxarma», «qazıyıbqurdunçıxaran», «filmyapışdıran», «farsyazan», «farsyazma», «qatarbağlayan», «fasonverən», «fasonvermə», «farmazonluqetmə», «göbəkyazan», «göbəkyazma», «gövdəqucaqlama», «gövdəqucaqlayan», «gömrükdəsaxlama», «gömrükdəsaxlayan», «gurultu-patırtı», «gəzmələrdəntutma», və başqa-başqa.

Lüğətin digər və ən başlıca çatışmazlıqlarından biri də, vahid və düzgün yazılış qaydasını təyin etməli olan bu kitabda sözlərin iki, bəzən üç variantda verilməsidir. Burda «alaf» da var, «ələf» də, «altun» da var, «altın» da, «çalpaşıq» da var, «çəlpəşik» də, «qırov» da var, «qrov» da, «kompyuter» də var, «kompüter» də, «ictimaiyyat» da var, «ictimaiyyət» də, «çönmə» də var, «çömmə» də, «eyib» də var, «ayıb» da, «kollec» də var, «kollej» də. Yazılışı bu sayaq, iki-üç varianta verilmiş sözlər lüğətdə yetərincədir. İndi siz düşünün ki, tədris vəsaitləri, test tapşırıqları sualları və cavabları, eləcə də başqa dil və tədris mənbələri, rəsmi yazışmalar və sair, məhz bu kitaba əsaslanaraq hazırlanır, tərtib edilir.

– Mərkəzin hazırladığı yeni “Orfoqrafiya lüğəti” nə zaman nəşr olunacaq?

– Biz tamamilə yeni bir lüğət hazırlayırıq. Bu, Azərbaycan dilinin saf ədəbi sözlərinin toplanacağı, «Azərbaycan dili sözlüyü», ya da «Azərbaycan dilinin işlək sözlər lüğəti» adlandırılacaq dil vəsaiti olacaq. Bu lüğətdə yer almayan sözlərin, eləcə də yeni yaranan sözlərin toplanması üçün mərkəz yeni proqram üzərində işləyir. Bu proqram ölkənin müxtəlif sahələri üzrə artıq söz müstəvisinə axmaqda olan yeni sözlərin tapılmasında və toplanılmasında çevik resurs rolunu oynayacaq. O daim yenilənəcək, yeni sözləri toplayıb təqdim edəcək. Odur ki, tələsmirik. İndi kitabdan çıxarılan 40 000-dən çox söz təsnifat üzrə işlənməkdə, arxivləşdirilməkdədir. Bu proses, lüğətin hazırlanmasından daha çətin, yorucu və əziyyətli bir işdir. Təsəvvür edin, lüğətdən çıxarılan minlərlə sözün hər birinin nöqsan dərəcəsi üzrə təsnifatın hansı sütununa yerləşdirilməsinə, yaxud minlərlə terminin hansının düz, hansının yanlış yazıldığının tapılmasına nə qədər vaxt və beyin əməyi sərf olunur. Ancaq nə qədər əziyyətli də olsa, onu sona çatdırmağı önəmli bilirəm. Biz bu təsnifatı kitab şəklində də nəşr edəcəyik.

– Dövlət qurumlarında, dərsliklərdə və b. sahələrdə dövlət dilinin tətbiqi ilə bağlı apardığınız işlərin nəticələri hansı reallıqları ortaya qoydu?

– Mərkəz 2016-cı ildə 100-dən çox dövlət qurumlarının, universitetlərin, nazirlik və komitələrin rəsmi yazışmaları və saytları üzrə dövlət dilinin və tərcümənin tətbiqi və keyfiyyəti ilə bağlı ekspertiza apardı. Durum, əlbəttə ki, ürəkaçan deyil. Bir-iki qurumu çıxmaqla, istər dilin tətbiqi, istər tərcümə yarıtmaz haldadır. Bəzi qurumların iyirmi, otuz səhifəlik materialında 80-dən çox orfoqrafik, leksik, məna və üslub xətaları aşkarlandı. Tərcüməyə gəlincə, burda durum daha acınacaqlıdır. Bununla bağlı dəfələrlə demişəm. Tək diplom tərcüməçiliklə məşğul olmağa əsas vermir. Bizdə isə, heyif ki, hələ də bu sahədə boşluqlar var. Mərkəzin, hələ də tərcüməçiləri akreditə etmək hüququ yoxdur. Şəhərin küçələrini «Tərcümə mərkəzi» adı altında bürüyən tərcümə kontorlarında tərcümə spesifikasını bilməyən bacarıqsız tərcüməçilər ordusu qulluq edir. Çox heyif olsun ki, bu qulluqdan təkcə vətəndaşlar deyil, əksər dövlət qurumları da yararlanır. Bir şeyi anlamaq gərəkdir ki, Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Ölkə inkişaf edir, dəyişir, güclənir, ölkələrarası müstəvidə öz layiqli yerini tutur. Azərbaycana maraq artdıqca, onun internet resurslarının istifadəçiləri də çoxalır, maraq auditoriyası genişlənir və burda böyük Aristotelin sözü yada düşür: «danış, səni görüm».

Eyni mənzərə, təəssüflər olsun ki, orta və ali məktəblər üçün hazırlanan Azərbaycan dili və ədəbiyyatı, eləcə də başqa fənnlər üzrə dərsliklərdə, tədris vəsaitlərində, rus bölmələri üçün hazırlanan və bərbad halda tərcümə edilən dil və ədəbiyyat kitablarında da yaşanır. Dilin, ədəbi fikrin eybəcər hala salındığı bu mətnləri, sual və tapşırıqları oxuduqca, dilin və gələcək nəslin halına acımamaq olmur.

– Televiziya proqramlarında, yayımlanan seriallarda ədəbi dilin tətbiqində mövcud olan boşluqların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, ölkədə tərcümə olunan kitablar, dublyaj olunan filmlər necə, sizi qane edirmi?

– Bununla da bağlı dəfələrlə demişəm. Ancaq heç bir sonuc əldə edilmir. Yenə əksər televiziya kanallarında «layihə» sözü aparıcılar tərəfindən «lahiyə» kimi işlədilir. Ən adi, çox işlənən sözlərin səhv deyilməsi, əlbəttə ki, ürək bulandırır: «matasklet», «pereparat», «sklet» və b. Dublyajla bağlı durum da eyni ilə belədir. Mərkəz, hələ ki, bu sahələrə qarışa bilmir, yalnız tövsiyə xarakterli açıqlamalar verir. Eləcə də afişa və reklam yazılarının, yeyinti məhsullarının yapışqanlarında yol verilən çoxlu sayda çatışmazlıqlarla bağlı Mərkəz Bakı şəhəri İcra Hakimiyyətinə də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də məktub ünvanlayıb. «Ana dili» adlandırdığımız dilimizə bu sayaq laqeyd, biganə münasibət ürək ağrıdır. Amma unutmayaq ki, biz, bəlkə də dünyada öz dilini «ana dili» adlandıran tək xalqıq.

Qaynaq: Aygün İbrahimova, Report İnformasiya Agentliyi

2 AÇIQLAMA

  1. hələ yaxşıdı ki, «xəşdat», «həşdadt», «həştat», «həştad», ya da «səysən» yazmayıblar. Buna da şükür edək?!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın