“Azərbaycan millisi ilə bağlı problem vaxtın çox az olmasıdır. Malta və Latviya ilə oynadıq. Hər ikisinə 0:1 hesabı ilə uduzduq. Vaxtın az olmasına baxmayaraq biz yeni sistemi sınadıq”.

YALAN.info bildirir ki, bunu İtaliyanın “TMW Radio” radio-stansiyasının mikrafonlarına danışarkən futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi (Giovanni “Gianni” De Biasi) deyib.

İtaliyalı mütəxəssis Albaniyadakı kimi mərkəz hücumçusu probleminin olması ilə bağlı sualı belə cavablandırıb: “İndi Albaniyada hər şey yaxşıdır, onların komandasında keyfiyyət var. Azərbaycan komandasında çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Mənə verilən az vaxt içərisində bu problemin üzərində işləyirəm”.

“Komanda ilə bağlı başqa problem də var: xarakter. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”, – deyə İtaliyalı çalışdırıcı fikirlərini izah edib.

Çalışdırıcı iyunda start götürəcək Millətlər Liqasında sıx qrafiklə oynayacaqlarını da sözlərinə əlavə edib: “Yığmalarla bağlı problemlər var. 12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik… Bunu edəcək futbolçularım belə yoxdur! Bəzi şeylər bizi təəccübləndirir”.

Bildirək ki, Azərbaycan yığması İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi ilə UEFA Millətlər Liqasında C Liqasının III qrupunda Slovakiya, Belarus və Qazaxıstanla mübarizə aparacaq. Oyunlar 3 iyun-25 sentyabr tarixlərində baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın