İlham Əliyev: Əməliyyatlar dayandırılır, amma..

“Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik ”.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev aprelin 5-də belə deyib. Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmadığını və olmayacağını vurğulayıb.

“Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur” – deyə ölkə başçısı qeyd edib.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində əməliyyatlar dayandırılıb

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, tərəflərin razılığı ilə aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində əməliyyatlar dayandırılıb.

Aprelin 3-dən 5-inə qədər atəşkəs yaratmaq mümkün olmayıb

Xatırladaq ki, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib.

4 aprel – Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edib.
Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırıb.
Eyni zamanda bildirilib ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Yalnız bundan sonra, aprelin 5-i saat 12.00-da Ermənistan-Azərbaycan tərəflərinin qarşılıqlı razılığı ilə əməliyyatların dayandırıldığı xəbəri yayılıb.

Prezident İlham Əliyev aprelin 5-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı aparıb

Vladimir Putinin təşəbbüsü ilə baş tutan telefon söhbətində dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Rusiya Federasiyasının prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. O, atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir