Bir sıra ölkələrin lideri Respublika Günü ilə Azərbaycan prezidentini təbrik edib

Dünyanın bir sıra ölkələrinin liderləri 28 May – Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

Livan Respublikasının prezidenti general Mişel Aun, Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar-Kitaroviç və Qabon Respublikasının prezidenti Əli Bonqo Ondimba da Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik ediblər.

Hindistan prezidenti Ram Nat Kovind Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərənlər arasında olub:

“Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan prezidentini 28 May-Respublika Günü münasibəti ilə həmçinin Norveçin kralı V Harald, İsveçin kralı Karl Qustav və Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov təbrik ediblər.

Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet də Azərbaycan prezidentinə təbrik məktubu göndərib:

“Cənab Prezident. Milli bayramınız 28 May – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan prezidenti İlham Əliyevə aşağıdakı təbrik məktubunu göndərib:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-aliləri, Sizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcək. Əminəm ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək. Cənab Prezident, ən yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm”.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir