“Şimali Atlantika Alyansı (NATO) Avropada silahlı münaqişədə maraqlı deyil”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Exo Moskvı” radiostansiyasının efirində deyib.

“NATO Avropada yeni silahlı münaqişə istəmir, biz sülh istəyirik. Avropada yeni silahlı münaqişənin baş verməsi Rusiya xalqının maraqlarına uyğun deyil”, – Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, alyans Rusiya ilə danışıqlar masasına oturmağa hazırdır.

Stoltenberqin sözlərinə görə, NATO Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə cavabında tərəflərin ortaq maraqlar tapa biləcəyi bir sıra məsələlərə, o cümlədən silahlara nəzarətə diqqət çəkib.

“Rusiya və NATO ortaq siyasi həll yollarını tapmaq üçün diplomatik təmasları bərpa etməlidir”, – alyans rəhbəri vurğulayıb.

O, əlavə edib ki, NATO müdafiə ittifaqıdır və Rusiya üçün heç bir təhlükə yaratmır: “Biz hələ də bu ölkə ilə konstruktiv tərəfdaşlıq qurmağa çalışırıq. Ancaq indiki durum çox əlverişsizdir və bu, Rusiyanın, ilk növbədə, Ukraynadakı aqressiv hərəkətləri nəticəsində yaranıb. Rusiya öz sərhədlərini güc yolu ilə dəyişdirib və yenə də sərhədləri güc yolu ilə dəyişməyə çalışır. Bu, bizim maraqlı olduğumuz Rusiya ilə tərəfdaşlıq qurmaq imkanlarını məhv edir”.

Jurnalistin “bizə Ukraynanın NATO-ya qoşulmayacağı zəmanətini verə bilərsinizmi?” sualına cavab verən Stoltenberq qarşı tərəfin suveren ölkə anlayışını nə qədər pis başa düşdüyünü açıqlayıb: “Sovet İttifaqı ilə imzaladığımız Helsinki yekun aktında və Rusiya ilə NATO-nun həm təşkilat, həm də ayrı-ayrı üzvlər kimi imzaladığı bir çox başqa sənədlərdə deyilir ki, istənilən suveren dövlət müstəqil olaraq öz təhlükəsizliyi üçün bu, ya da başqa birliyə və ya təşkilata müstəqil şəkildə qoşulma qərarı verə bilər. Prinsipcə, belə bir sualın özü, sanki, Ukraynanın suveren seçiminə müdaxilə etməyə çalışmaqdır.

Bir neçə il öncə Ukrayna heç bir bloka, ya da hərbi alyansa qoşulmamaq qərarı verdi. Və mən bu qərara hörmətlə yanaşdım. İndi Ukraynada müzakirələr gedir, bu qərarın dəyişdirilməsi təklifi var. Əgər belə bir qərar verilsə, NATO-ya qoşulmaq istəsələr, onların qərarına hörmətlə yanaşaram. Ancaq Ukraynada belə bir qərar verilməlidir. Və belə bir qərar verilərsə, standartlara cavab verən, NATO-nun əsas prinsiplərinə hörmət edən ölkə, prinsipcə, NATO-ya qoşula bilər. Ancaq bu qərarı ölkə özü verməlidir. NATO-dan kənar heç bir üçüncü ölkə veto hüququna arxalana bilməz, ya da Ukrayna kimi suveren ölkənin qərarına hər hansı şəkildə təsir göstərə bilməz. Bu, əslində, suveren qərar qəbul etmə prinsipidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın