“Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq”.

YALAN.info bildirir ki, APA-nın yayımladığı xəbərə görə, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev deyib.

Sədr bildirib ki, onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var:

  1. Tahirov Seyfulla Veytulla oğlu
  2. Atamoğlanov Əbülfət Sabir oğlu
  3. Hacıyev Təhsil Fikran oğlu
  4. Əsədov Vüqar Babil oğlu
  5. Xələfov Cahangir Məmi oğlu
  6. Məmmədov Elmar İnqilab oğlu
  7. Qasımov Veysəl Qasım oğlu
  8. Əhmədov Riad Fikrət oğlu (Azərbaycanın Milli Qəhrəmanı)
  9. Babaşov Əlhəm Tahir oğlu
  10. Həsənov Vüqar Habil oğlu
  11. Nağıyev Cahid Şəfi oğlu

“O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdür”.

Hərbi prokuror Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayını açıqlayıb

“Ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb”.

APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir. “Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib”, – Xanlar Vəliyev əlavə edib.

Hərbi prokuror qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb.

Hərbi prokuror onu da bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda var: “Ancaq bu gün Ermənistan tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır. 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Ermənistan tərəfindən Azərbaycan tərəfinə təhvil verilib”.

Hərbi prokurorun sözlərinə görə, azad edilmiş ərazilərdə mina problemi də hələ qalmaqdadır: “Ermənistan tərəfi real minalarla çirklənmiş ərazilərin xəritələrini bu gün də vermir. Bu səbəblə də azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin yerlərini müəyyən etmək çətinləşdirir. Azərbaycanda hələ də gümanlar var ki, itkin düşmüş şəxslərin bir qismi sağdır və Ermənistanda qul kimi işlədilir, digər qismi isə qətl edilərək kütləvi məzarlıqlarda basdırılıb”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın