Bu gün xalq artisti, sevilən sənətçi Faiq Ağayevin ad günüdür.

Gün.Az xəbər verir ki, hər zaman doğum gününü ənənəvi olaraq Heydər Əliyev Sarayında bir neçə gün konsert verməklə keçirən F.Ağayev bu dəfə ad gününü ailə məclisində qeyd edəcək. Artıq 3 ildir ki, doğum günündə solo-konsert verməyən sənətçi 2016-cı ildən ənənəsini bərpa edəcək.
“Hər il ad günü məclisi keçirirəm. Orada da ailə üzvlərim və15-20 ildir dostluq etdiyim şou-biznesdən, çalışdığım sferadan uzaq insanlar olur” – deyən xalq artisti 44 yaşına qədəm qoyduğunu bildirib. O, qətiyyən yaş kompleksi yaşamadığını deyib:
“İnsanın üç yaşı var. Pasport, əqli-zəka, psixoloji və özünü hiss etdiyi yaş. Mənim pasport yaşım 44, əqli-zəka yaşım 60, özümü hiss etdiyim yaş isə 28-dir. Allahdan hər zaman özümə arzu etmişəm ki, istənilən yaşda ağlım başımda olsun”- deyə F.Ağayev “10Lar” verilişinə açıqlamasında söyləyib.
Qeyd edək ki, Faqi Ağayev 1971-cı ilin bu günü Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra “Qizil Payiz-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.
1993-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra F.Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan “Səni əvəz eləmir”, 1998-ci ildə çıxan “Vəfasızım”, 1999-cü ildə buraxılan “Faiq Ağayev – Seçmələr”, 2000-ci ildə çıxan “Minilliyin sonu…” və 2002-ci ildə işıq üzü görən “Tam məxfi” albomları müğənninin diskoqrafiyasını davam etdirir.
1998-ci ildə Faiq Ağayev “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanır.
2000-ci il oktyabrın 28-də ümumilli lider Heydər Əliyevin fərmanı əməkdar artist fəxri adına layiq görülüb.
 2000-ci ildə “İlin müğənnisi” nominasiyasında “Qizil Mikrofon” Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə “İlin müğənnisi”, “İlin albomu” (“Minilliyin sonu…”) və “İlin konserti” (“Əsrin və minilliyin son konserti”) nominasiyalarında “Grand” Milli Mükafatı sahibi olur.
2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.
2008-ci ilin sentyabrın 17-də Faiq prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti fəxri adı verilir.
Bundan sonrakı bir neçə ildə Faiq Ağayev “Bal kimi”, “Hiss et”, “Odlanacaqsan”, “Billahi”, “Əlvida” və s. mahnıları ifa edir.
2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VIDA” solo konsertləri keçib.
Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 140-dan çox solo konsert verib.
2013-cü və 2015-ci illərdə Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.
Sevimli sənətkarımızı doğum günü münasibətilə təbrik edirik, can sağlığı, işlərində uğurlar diləyirik!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın