Fevralın 23-də Vyanada Hofburq sarayında Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr edilmiş “Sülh və ədalət: beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının münaqişədən sonrakı barışıq və sülh quruculuğu prosesinin əvəzolunmaz hissəsi” adlı dəyirmi masa keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tədbirdə ötən illər ərzində silahlı münaqişə vəziyyətlərində mülki şəxslərin müdafiəsinin gücləndirilməsi istiqamətində çox işlər görüldüyü bildirilib. ATƏT-in iştirakçı dövlətləri bir sıra sənədlərdə ATƏT regionunda baş vermiş müharibə qanunlarının və adətlərinin kobud şəkildə pozulmasından təəssüflənərək, beynəlxalq humanitar hüquqa hörmətin təmin edilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Bildirilib ki, bəzi silahlı münaqişələrdə törədilmiş ən ağır beynəlxalq cinayətlərə lazımi diqqət yetirilməyib. Nəticə etibarilə, günahkarların cavabdehlik və cəzasızlıqdan məhrum olması təkcə beynəlxalq hüquq və insan hüquqları ilə ziddiyyət təşkil etmir, həm də münaqişədən sonrakı şəraitdə davamlı sülh və həqiqi barışıq üçün birbaşa maneədir.

Tədbirin moderatoru Srebrenitsa-Potoçari Memorial Mərkəzinin direktor müavini Amra Begiç Fazliç iştirakçılara Xocalı faciəsi barədə məlumat verib, münaqişənin sona çatdığını nəzərə alaraq, iki dövlətin xalqları arasında davamlı sülhün təmin edilməsi məqsədilə bu faciəni törədənlərin etirafı və cəzalandırılmasının vacibliyini vurğulayıb.

Londonda yerləşən Esseks Məhkəmə Palatasının nümayəndəsi müdafiəçi-vəkil (barrister) Naomi Hart Ermənistanın Azərbaycanın keçmişdə işğal edilmiş ərazilərində törətdiyi hərbi cinayətlər və bununla bağlı Ermənistanın üzərinə düşən öhdəliklər barədə söz açaraq, müvafiq hüquq normaların nəzəri təhlili ilə yanaşı, həmin normaların Ermənistan tərəfindən pozulmasını sübut edən faktoloji məlumatları paylaşıb.

N.Hart onun özü və məşhur beynəlxalq hüquqşünas Malkom Şou tərəfindən hazırlanmış Ermənistanın törətdiyi hərbi cinayətlər, o cümlədən mülki şəxslərin öldürülməsi və yaralanması, etnik təmizləmə, keçmişdə işğal altında olan ərazilərdən məcburi köçürülmə və bu ərazilərin xüsusiyyətinin məqsədyönlü şəkildə dəyişdirilməsi və s. vacib məsələləri özündə əks etdirən hesabat barədə söz açıb, bu xüsusda beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarının tətbiqi barədə məlumat verib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları ilə müəyyən edilmiş öhdəliklərlə bağlı hüquqi bazanı təhlil edib. O, sülh və ədalət arasındakı əlaqə və davamlı sülhün təmin edilməsində ədalətin rolu barədə söz açaraq, mülki şəxslərə qarşı soyqırımı törədənlərin cəzalanmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri, səfir Fərid Şəfiyev münaqişədən sonrakı vəziyyətə xüsusi diqqət yetirməklə, davamlı sülh quruculuğu və barışığı inkişaf etdirmək üçün cinayət törədənlərin məsuliyyətə cəlb edilməsinin zərurəti barədə söz açıb. O, diqqəti gələcəkdə davamlı sülhün bərqərar olunması məsələsinə çəkərək, bu istiqamətdə dörd əsas amili vurğulayıb: suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi, iqtisadi sahədə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq, mina və itkin düşmüş şəxslər daxil olmaqla humanitar məsələlərin həlli.

Soyqırım və kütləvi qırğınların beynəlxalq səviyyədə qarşısının alınması üzrə Budapeşt Mərkəzinin sədri Georgi Tatar “soyqırımın on mərhələsi” konsepsiyasından bəhs edib və bildirib ki, onun 10-cu mərhələsini “inkar”dır ki, bu, günahkarların hər hansı cinayət törətdiklərini inkar etməsidir. Bu xüsusda, G.Tatar Xocalı soyqırımının törədənləri tərəfindən onun etiraf edilərək tanınmasının vacibliyini vurğulayıb ki, bu da beynəlxalq hüquqa əsasən öhdəlikdir və yalnız o halda ədalət öz yerini tapacaqdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın