Özbəkistan və Qazaxıstan Respublikalarının Prezidentləri Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev sərhədin demarkasiyası haqqında anlaşma imzalayıblar.

YALAN.info bildirir ki, bununla bağlı Özbəkistan liderinin mətbuat xidməti xəbər verib.

Qeyd edək ki, iki respublika arasında ümumi sərhədlərin uzunluğu təqribən 2,1 min kilometrdir. Onun dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar 2003-cü ildə başlayıb, ancaq vaxtaşırı pozulub.

Bundan başqa, görüşü Daşkənddə baş tutan dövlət başçıları müttəfiqlik münasibətləri haqqında saziş imzalayıblar. Onlar hər iki sənədi “tarixi sıçrayış” kimi dəyərləndiriblər.

Yada salaq ki, Tokayev bir gün öncə, dekabrın 21-də Özbəkistana rəsmi səfərə gəlib. Onunla birlikdə Qazaxıstan hökumətinin üzvləri və iri şirkətlərin nümayəndələri də ölkəyə səfər ediblər. Onlar özbəkistanlı həmkarları ilə iki ölkə arasında iqtisadi əməkdaşlığa dair 15-ə yaxın müqavilə imzalayıblar.

Məlumata görə, “KazMunayQaz” Səhmdar Cəmiyyəti ilə “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti, “Eurasian Resources Group”la “Sanoat Energetika Guruhi Enera” MMC arasında da müqavilələr imzalanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın