“Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv edilməlidir”.
YALAN.info bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev deyib.
Məlumata görə, deputat fransalı aktyorun daşınmaz əmlakı və evinin müsadirə olunmasını təklif edib: “Ona Saransk və Qroznı da (Rusiyanın şəhərləridir – Red.) iki mənzil hədiyyə edilib. Bu mənzilləri alıb yetim uşaqlara vermək lazımdır. Məsələ ilə bağlı bu, ən ədalətli qərar olardı”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Depardye Ukraynada baş verənləri tam başa düşmür: “Daha yaxşı başa düşməsi üçün lazım gələrsə, ona hadisələri danışıb izah etməyə hazıram”.
Bildirək ki, Rusiya vətəndaşlığını qəbul edən Depardye ölkə prezidenti Vladimir Putinin əməllərinə görə rusiyalıların cavabdeh olmadığını bildirib. Depardye həmçinin Parisdəki üç konsertindən əldə olunacaq gəliri “bu faciəli qardaş qırğınının ukraynalı qurbanlarına köçürəcəyinə” söz verib.
O, Fransa Baş nazirinə müraciətində isə “vətənsevərliyin köhnəldiyini” yazaraq Fransanın deyil, dünyanın vətəndaşı olduğunu vurğulamışdı. Doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını bildirib.
Yada salaq ki, Jerar Depardye 2012-ci ildə vergidən yayınmaqda ittiham olunduğu üçün Rusiyaya sığınmışdı. 2013-cü il yanvarın 1-də Rusiya Prezidenti Vladimir Putinin 1 nömrəli sərəncamı ilə fransalı aktyora RF vətəndaşlığı verib. 73 yaşlı aktyor bildirib ki, indi İstanbul və Dubayda vaxt keçirmək istəyir.
İndi iki böyük balıqçı gəmisi aldığını bildirən məşhur ulduz deyib ki, “Gəmilərdən biri Dubaydadır. İstanbulda ton balığı ovu üçün istifadə edilən gəmimi mənzilə çevirdim”. Yayılan xəbərlərə görə, dünyaca məşhur fransız kinoaktyoru Jerar Depardye artıq yaxtaya çevrilmiş balıqçı gəmisində yaşayacaq.