İstanbul indi dünyanın həlledici siyasi mərkəzi kimi coğrafi əhəmiyyətini artırır. Rusiya və Ukrayna arasında danışıqlar aparmaq üçün də ən etibarlı məkanlardan biri İstanbuldur. İstanbulda aparılan Rusiya-Ukrayna danışıqları müharibənin bitməsi ilə bağlı ümidləri cücərtsə də, hərb cəbhəsindəki bəzi qaydalar fərqli düşüncələr yürütməyə səbəb verir.

Rusiya İstanbuldakı danışıqların getdiyi zamanda öz qoşunlarının bir hissəsini Kiyev şəhərinin şərq və qərb hissəsindən, Çerniqovun, Sumının, Xarkovun bir sıra ərazilərindən çıxarıb. İstanbuldakı müzakirələrdən sonra Rusiyanın Ukraynadakı hərbi sxeminin açıqlamağa çalışaq.

Rusiya qüvvələri məhdud və lokallaşdırılmış quru hücumları həyata keçirərək müdafiəyə keçməyə davam edir. Ukrayna isə Rusiyanın bu geri çəkilişindən ehtiyat edərək onun əməliyyatlarını pozmaq və Kiyevə təzyiqi aradan qaldırmaq üçün paytaxt ətrafında məhdud və uğurlu əks-hücumlar həyata keçirir. Mariupoldakı döyüşlər isə Ukraynanın şiddətli müqaviməti və Rusiyanın məhdud mübarizəsi kimi davam edir.

Qısası, Rusiya İstanbulda müzakirələr başlayandan bu yana Ukraynada demək olar ki, hücum əməliyyatı təşkil etməyib və Ukrayna ordusunun bir neçə istiqamətdən əks-hücumu ilə üzləşib. Ancaq Rusiya öz sərhədi ətrafında işğal bucağı yaratmağa nail olub. Hadisələrin hansı məcraya yönələcəyi isə hələ qeyri-müəyyən olaraq qalır.

Bununla belə, Qərb tərəfdən verilən açıqlamalarda Rusiyanın növbəti hücuma hazırlaşdığına dair həyəcan təbili çalınır. Bu informasiyalar üzərində isə proqnozlar səsləndirmək mümkündür. NATO-nun, eləcədə də alyansın nəhəngləri ABŞ və Britaniyanın həyəcanlı kəşfiyyat məlumatlarını analiz etsək, belə mülahizə yürüdə bilərik:

  1. Böyük ehtimal ki, Rusiya atəşkəsə nail olmağa çalışır. Bu isə onun qüvvələri yenidən birləşdirmək üçün vaxt qazanmasına hesablanıb;
  2. Ancaq Rusiyanın ümumi tablodakı hərbi məqsədlərini incəliyi ilə müəyyən etməyə dair aydın əlamətlər gözə dəymir.

İndi Rusiyanın ümid edə biləcəyi optimal düstur Ukraynada əldə etdiyi işğal qazancını möhkəmləndirmək və “donmuş” vəziyyət yaratmaq üçün atəşkəsə nail olmaqdır. Rusiyanın hazırkı hədəflərindən biri Ukraynanın cənubudur. Əgər atəşkəs olarsa, Moskva Ukrayna ordusunun cənubdakı əks-hücum əməliyyatını dayandıra biləcək və orada olan qüvvələrini yeni hücum üçün hazırlayacaq.

Yəqin ki, indi danışıqlarda Rusiya üçün əsas hədəf atəşkəsdir və Qərb də onun planındakı hiyləgərliyi anlayır. Buna görə də, Qərb danışıqlarda Ukrayna tərəfinə çıxış əldə edərək rəsmi Kiyevi bu plana getməməyə çağıra bilər. Atəşkəsə nail olmaq üçün isə Rusiya görüntü yaratmalıdır və zahiri olaraq bu fonu təqdim etməyə çalışır.

Rusiya qoşunlarının rotasiyasını geri çəkilmək kimi qələmə vermək cəhdlərinə girişir. Rusiyanın təcavüz planlarını hələ də masada olduğunu göstərən nişanələrdən biri də, “Vaqner” özəl hərbi şirkətinə məxsus muzdluların yenidən Ukraynaya salınmasıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın