26 günlük müharibə ərzində Ukraynada Rusiyanın bu ölkədə 15 300-dən çox hərbçisi öldürülüb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, Ukrayna hərbçiləri müharibə başlayandan bu yana Rusiya Federasiyası Silahlı Qüvvələrinin 509 tankını məhv edib. Eyni zamanda martın 22-nə olan məlumata görə, Rusiya ordusu 1 556 zirehli döyüş maşınını, 252 artilleriya sistemini, 80 reaktiv yaylım atəş sistemini, 45 hava hücumundan müdafiə sistemini, 99 təyyarə, 123 helikopter, 1000 avtomobil texnikasını, 3 gəmi/katerini, 70 yanacaq-sürtkü materialları çənini, 35 kəşfiyyat PUA-sını, 15 xüsusi avadanlığını itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Məlumata görə, işğalçıların yalnız 3 günə çatacaq qədər sursat və ərzaq ehtiyatları var. Yanacaqla da oxşar durum izlənilir: “Ötən gün ərzində düşmənin 9-dan çox hava hədəfi vurulub. Bunlar 1 təyyarə, 6 PUA və 2 helikopterdir. Vurulan raketlərin sayı dəqiqləşdirilir. Düşmən aviasiyasının son 24 saat ərzində daha aktiv hərəkətləri qeyd edilib.

Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrini yerinə yetirməkdən imtina edərək, 70 texnika ilə əməliyyat ərazisini tərk edib.

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik xaotik şəkildə həyata keçirilir: səfərbər olunanların çoxunun heç bir hərbi ixtisası yoxdur, çünki onlar heç vaxt hərbi xidmət keçməyiblər. Donetsk və Luqansk istiqamətlərində düşmən irəliləməyə və güclənməyə çalışsa da, uğur qazana bilmir.

Ukrayna hərbçiləri düşmənin 13 hücumunu dəf edib, 14 tankını, 8 piyada döyüş maşınını, 2 zirehli texnikasını, 3 artilleriya sistemini və 4 avtomobilini məhv ediblər.  Son sutka ərzində düşmənin şəxsi heyətinin itkisi təxminən 300 nəfər təşkil edib.

Bundan başqa, Mariupolun müdafiəçiləri “Raptor” patrul katerini və “Leer-3” elektron döyüş sistemini məhv ediblər”.

Rusiya-Ukrayna müharibəsi necə başladı

Yada salaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı – “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb.

Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Onu da bildirək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq çoxluğu Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın