“Bu, bizim üçün çətin oyun idi. İlk oyun da çətin idi. Ancaq bu dəfə qələbəni nisbətən daha rahat əldə etdik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Fransa “Marsel”inin baş məşqçisi Xorxe Sampaoli “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı Argentinalı mütəxəssis Qurban Qurbanovun qarşılaşmada feyr-pley nümunəsi göstərdiyini bildirib: “Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim. Ona həsəd apardım”.

Xorxe Sampaoli və Qurban Qurbanov

Sampaoli məşqçi karyerasında belə halla qarşılaşmadığını bir daha diqqətə çatdırıb: “Belə şey mənim başıma gəlsəydi, hakimin qərarına təsir etməzdim və qolu qeyd edərdim. “Qarabağ”ın Konfrans Liqasındakı başqa oyunlarını da izləmişəm. Komanda hər iki qarşılaşmada bizdən üstün idi. Yalnız oyunçuların fərdi ustalığına görə qələbə əldə etdik”. 

Argentinalı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib. O, qapıçı Stiv Mandandanın görüşün ən yaxşısı hesab etdiyini sözlərinə əlavə edib.

Matteo Genduzi: “Qarabağ”ın baş məşqçisinə təşəkkür edirəm”

Fransa “Marsel”inin futbolçusu Matteo Genduzi 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında “Qarabağ”ın baş məşqçisinə təşəkkür etdiyini deyib.

23 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubunun qol epizodunda hamı topun ələ dəydiyini görüb: “Hakim isə bunu görmədiyini bildirdi. “Qarabağ”ın oyunçuları ilə mübahisələrimiz oldu. Sonra rəqibin baş məşqçisi və kapitanı qolun ləğv edilməsini istədi”.

Genduzi mərhələni keçdikləri üçün sevindiyini söyləyib: “Rəqib çox güclü oynadı. Bu görüşlərə çox yaxşı hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. Qapıda qol görməmək də böyük uğurdur. “Qarabağ” çox yaxşı oyun sərgilədi, bizim üçün əsas məsələ mərhələ adlamaq idi. Bunu da bacarıdığımız üçün şadıq”.

Futbolçu bu cür feyr-pley nümunələrinin çox nadir hallarda olduğunu vurğulayıb: “Mən onun yerinə olsaydım, hansı hərəkəti edərdim? Bu suala cavab vermək üçün əllə qol vurmalıyam, ondan sonra nə etdiyimi görməliyik”.

Fransalı oyunçu “Qarabağ” azarkeşlərinin həmişə sonadək komandalarına dəstək olduğunu diqqətə çatdırıb: “Bunu “Arsenal”ın heyətində bura gələrkən də görmüşdüm. Onlar komandalarını sevirlər”.

Qurban Qurbanov: “Dünən risk edəcəyimizi bildirmişdik”

Qurban Qurbanov (Qarabağın baş məşqçisi)

“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov Fransa “Marsel”inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında öncədən risk edəcəklərini dediyini bildirdi. 50 yaşlı mütəxəssis böyük hesablı məğlubiyyəti gözlədiyini bildirib:

“Komandanın özünə inamını dəyişdirməkdir. Daha hücumameyilli və aqressiv futbol sərgiləmək istəyirdik. Futbolçularımdan çox razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey bilinirdi. Bir neçə dəyişikliklər etdim ki, başqa oyunçular da bu ab-havanı duysunlar. 2:0-dan sonra 3:0, ya 4:0-ı düşünmürdüm. Oyunçularım saysız-hesabsız hücumlar etdilər. Rəqib 3 qol epizodundan yararlandı. Bütün azarkeşlərə təşəkkür edirəm. Atmosfer möhtəşəm idi. Belə klubların ölkəyə gəlməsi futbolumuzun inkişafı üçün təkandır”.

Qurban Qurbanov: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”

50 yaşlı mütəxəssis etdiyi feyr-pley jesti ilə bağlı danışarkən bu qərarının hələ çox müzakirə olunacağını bildirib: “Ancaq mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur”.

Qurbanovun sözlərinə görə, bu mövzuda çox fikir bildirmək çətindir: “Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın