44 günlük Vətən Müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. 

YALAN.info bildirir ki, bu xüsusda, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində SOCAR brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də Aİ-92 markalı benzin və dizel yanacağının satışı həyata keçiriləcək. Bundan başqa, “Zəfər yolu”nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur. 

“SOCAR PETROLEUM” QSC daha öncə də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, “SOCAR PETROLEUM” QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb. 

İndi ölkə ərazisində SOCAR brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan “SOCAR PETROLEUM” QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir. SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın