İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində gəncin hərbi komissarlıqda atəş açdığını, hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, ancaq ölmədiyini bildirib. 

YALAN.info bildirir ki, bunu o, “Telegram”dakı səhifəsində yazıb. Qubernatorun sözlərinə görə, hərbi komissar indi reanimasiyadadır və həkimlər onun həyatı uğrunda mübarizə aparır.

Atəş açan şəxs saxlanılıb. Onun 25 yaşlı Ruslan Zinin olduğu üzə çıxıb. Şahidlərin sözlərinə görə, Zinin öncə çağırışçılara evə qaçmalarını qışqırıb, sonra atəş açıb.

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk şəhər sakinidir. İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisə yerində araşdırma aparılır.

Daha bir hadisə isə Uryupinsk şəhərində yaşanıb. Belə ki, Mixail Filatov səhər saat dörd radələrində hərbi komissarlığın binasının qarşısına VAZ markalı avtomobilini park etdikdən sonra onu yandırıb. Yanğın 100 kvadrat metr sahəni əhatə etsə də, xəsarət alan olmayıb. Sənədlərin olduğu hissəyə də zərər dəyməyib.

Yanğın törədən şəxs tez bir zamanda yaxalanıb. Polisin məlumatına görə, qanun pozucusunda azı 10 şüşə yanacaq olub. Filatov etiraf edib ki, öz hərəkəti ilə Ukraynadakı müharibəyə münasibətini göstərmək istəyib.

Yada salaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa, Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək və fərarilər 15 il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın