Ataların yaxşı bir sözü var: “işsizlik arsızlıq gətirər”. Ancaq bu arsızlıqdan utanmaq əvəzinə onu nümayiş etdirməyə hətta atalarımız belə çətin ki, bir ad tapardı. Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının xidməti məhz yuxarıdakı misallara əsl nümunə ola bilər.

Çünki yarıtmaz fəaliyyəti, hər gün növbəti bir qalmaqalla gündəmə gələn Rusiya sülhməramlıları bu qalmaqallarını bəh-bəhlə nümayiş etdirməyə davam edirlər. İşsizlikləri bu kontingentin arsızlığını da ən son həddə çatdırıb. Görünür onlar doğurdan da çox nümunəvi xidmət etdiklərini düşünürlər ki, hətta asudə vaxtlarından səmərəli istifadə etməyə də imkan tapırlar.

Bunu edərkən isə qətiyyən öz daşıdıqları missiyanın həssaslığını, tərəflər arasındakı balansı qorumağı bacarmırlar. Özfəaliyyətlərinin bugünkü nümayişində sülhməramlılar Xankəndi Dövlət Dram Teatrına səfərlərini işıqlandırıblar.

Sülhməramlılar buraya ermənilərin hazırladığı tamaşanı seyr etməyə yollanıblar. Üstəlik onların yollandıqları məkanla bağlı qeydləri də başqa bir qalmaqal mövzusudur: “V.Papazyan adına Stepanakert Erməni Dövlət Dram Teatrı”.

Rusiya sülhməramlılarının qısaca yadına salaq ki, Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı binası tarixi abidə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

İlk növbədə sülhməramlılar bilməlidirlər ki, bina Azərbaycan Respublikasının Xankəndi şəhərində yerləşir. Rus yazıçısı Maksim Qorkinin adını daşıyır və tam adı M.Qorki adına Xankəndi Dövlət Dram Teatrıdır. Burada hansısa “erməni dram teatrı”ndan söhbət belə gedə bilməz.

Əgər Rusiya sülhməramlısı öz missiyasını harada yerinə yetirdiyini bilmirsə, hansı məkana səfər etdiyini müəyyənləşdirə bilmirsə, bu, onların ortaya qoyduğu arsızlıqdan daha böyük bir qəbahətdir. Azərbaycan dövləti tərəfindən “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na salınan binada əyləşib ermənilərin hansısa pyesini izləmək isə onsuz da onların mandatına daxil olan məsələ deyil və yolverilməzdir.

Görünür, ermənilərin nümayiş etdirdiyi “Ay bədheybəti” pyesi sülhməramlıları o qədər bihuş edib ki, onlar etdiklərinin fərqinə varmadan və utanmadan hətta bir video hazırlayıb yuxarıda göstərilən qeydi yazmağa cürət ediblər. Sülhməramlıların bu fəaliyyəti, missiyalarına yanaşma tərzləri elə izlədikləri “Ay bədheybəti” pyesinin adı qədər absurd və anlamsızdır desək, yanılmarıq.

Rusiya sülhməramlılarının komandanlığının yadına salmaq gərəkdir ki, təmsil etdikləri dövlət – Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan ərazisində isə “Stepanakert” deyə bir şəhər yoxdur. Azərbaycanın Xankəndi şəhərində isə hansısa erməni dram teatrı yoxdur – Xankəndi Dövlət Dram Teatrı var.

Əgər bunu anlamaq və səhvlərini düzəltmək çətindirsə, anlayana qədər yazıb, xidmətlərinə layiq olduqları qiyməti vermək də bizim borcumuzdur.

Onları bu arsızlığa sövq edən işsizliyə – fəaliyyətsizliyə son qoyulmalıdır. Rusiya sülhməramlıları teatr salonunda əyləşib sonradan rəsmi səhifələrindəki paylaşımda erməni təxribatına alət olmaq üçün deyil, təxribatların qarşısını almaq üçün bu ərazilərdə müvəqqəti xidmət aparır. Onların bu cür fəaliyyəti isə yalnız sülhməramlı adına ləkə salır və ermənilərin təxribatlarına davam etmələrinə zəmin yaradır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın