Azərbaycan Milli Komandasının futbolçusu Mahir Emrelinin Zaqreb “Dinamo”suna transferi Xorvatiyada da maraqlı transfer kimi qələmə verilib. Artıq bu transfer haqda xorvatlar fikir bildirirlər. Onlardan bəzilərinin Xorvatiya mətbuatına verdiyi açıqlamaları təqdim edirik.

Nikola Yurçeviç (Azərbaycan millisinin keçmiş baş məşqçisi)

Nikola Yurçeviç 22 qar Xorvatiya çempionu olan Zaqreb “Dinamo”suna keçən Mahir Emrelinin transferini dəyərləndirərkən deyib: “Dinamo” böyük klub, Zaqreb gözəl şəhərdir. Mahirin daha yaxşı oyunçu olması və öz bacarığını təkmilləşdirməsi üçün çox yaxşı şansdır”.

Xorvatiyalı mütəxəssis 25 yaşlı forvardın ölkənin ən köklü klubu ilə anlaşmasını yüksək dəyərləndirib. Yurçeviç “Dinamo”da böyük rəqabətin olmasına baxmayaraq, keçmiş yetirməsinin şans əldə edəcəyini düşünür: “Dinamo”da rəqabət böyükdür. Onların hücum xəttində çox oyunçu var. Ancaq Mahirin də özünü göstərmək üçün şansı olacaq. Düşünürəm ki, o, “Dinamo”da uğur qazana bilər”.

İvitsa Vrdolyak (“Dinamo” və “Leqiya”nın keçmiş futbolçusu)

İvitsa Vrdolyak: “Mahir Emreli futbolçu kimi Mario Qavranoviçə oxşayır. Ancaq ondan daha sürətlidir. Maraqlıdır ki, Emreli tez-tez qol imkanları əldə edir. Avrokuboklarda da uğurla oynayıb. Elə buna görə də “Leqiya” “Lester” və “Napoli” kimi rəqiblərlə eyni qrupda lider idi. Ancaq çempionatda çox imkan qaçırdı. Mənə elə gəlir ki, Mahir Bruno Petkoviçlə əla tandem təşkil edə bilər. Onlar tamamilə fərqli oyunçulardır”.

Mario Tokiç (“Dinamo”nun sabiq futbolçusu, millimizin keçmiş məşqçisi)

Mario Tokiç: “Mahir mədəni, əla oğlandır. Son dərəcə tərbiyəli, ingiliscə yüksək səviyyədə danışan oyunçudur. Məncə, onun Zaqrebə və “Dinamo”ya uyğunlaşması üçün çox vaxt lazım olmayacaq.

Düşünürəm ki, onun transferi Zaqreb klubunun atdığı uğurlu addımdır. Mahir Azərbaycanın ən yaxşı komandası olan “Qarabağ”da təzyiq altında oynayıb. Əsas oyunçulardan biri idi. Tez-tez cinahda çıxış etsə də, heç bir problem olmadan hücumun mərkəzində də oynaya bilir. Biz millidə ondan həmin mövqedə yararlandıq.

“Dinamo”ya gələn futbolçu üçün önəmli olan məqam müdafiə olunan komandalara qarşı oynamağı bacarmasıdır. Real olaq, Xorvatiya çempionatında bütün komandalar “Dinamo”ya qarşı müdafiə olunur. Düşünürəm ki, Emreli “Dinamo”da əsas qolçulardan biri olacaq. İnanılmaz sürətli oyunçudur. Hətta onun özünə demişdim ki, sürətindən 100 faiz istifadə etmir.

“Dinamo”nun sürətli keçidlərlə oynayacağı avrokubok oyunlarında Emreli də öz sürəti ilə komandaya fayda verəcək. Texniki baxımdan da kifayət qədər yaxşıdır. “Leqiya”nın heyətində avrokuboklarda çıxış etməsi müsbət haldır. Azərbaycanlı futbolçular öz vətənlərində çox yaxşı pul qazanırlar və buna görə çoxu xaricə getməyi ağlına belə gətirmir. Onlara evdə xoşdur. Yaxşı yaşayırlar, pul qazanırlar.

Ancaq Mahir azərbaycanlı futbolçunun Avropada uğur qazana biləcəyini göstərmək istədiyindən, irəli addım atmaq qərarına gəldi. Varşavada uyğunlaşma prosesindən keçib. İndi bütün əcnəbilərə həmişə qonaqpərvər olan Zaqrebdə Emreli üçün daha asan olacaq”.

Robert Prosineçki (“Dinamo”nun sabiq futbolçusu, millimizin keçmiş baş məşqçisi) 

Robert Prosineçki: “Bakıda yaşadığım vaxt bütün oyunlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm. Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Futbolda elə gənc oyunçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər.

Onun “Leqiya”da göstəricisi də yaxşı olub. Mahirin nəyə qadir olduğunu tezliklə Xorvatiyada görəcəklər. Azərbaycanda futbolçunun döyülməsi halları baş verməyib. Mən onun barədə yalnız oradakı fəaliyyətim müddətində gördüklərimə əsasən danışa bilərəm”.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu rəsmi YouTube kanalında 25 yaşlı hücumçunun Azərbaycan millisində, “Qarabağ”da və Polşa “Legiya”sındakı qollarını yayımlayıb.

PLAYER PROFILE | Welcome to Dinamo Mahir Emreli

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın