Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəd münaqişəsi rayonunda yerləşən kəndlərdən əhalini təxliyə etməyə başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“FHN əhalinin təhlükəsiz yerlərə təxliyəsini yerli sakinlərlə birlikdə həyata keçirir”, – məlumatda belə deyilir. Qeyd olunur ki, təxliyə prosesinə mikroavtobuslar, yük maşınları və yolsuzluq avtomobilləri cəlb edilib. Təxliyəsi nəzərdə tutulan insanların sayı açıqlanmır.

Yada salaq ki, bu gün axşam saatlarında Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub. Sərhəddə silahlı qarşıdurma Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb.

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub. Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir. Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb. İndi sərhəd münaqişəsi rayonunda intensiv atışma getdiyi bildirilir.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın toplantısı keçirilib. indi sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Ancaq indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla izlənilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın