Dünən Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Şəhidlər Xiyabanını ziyarət ediblər.

YALAN.info bildirir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu dövlət bayraqlarının dalğalandığı meydanda qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi. Daha sonra Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı və prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi. Bundan sonra dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub

Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub. Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq.

Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq.

Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.

Sizi bir daha salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycana rəsmi səfər barədə dəvətimi qəbul etmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

– Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürümü bildirirəm.

Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim. Sağ olun.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan və Qırğızıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almazbek Akmataliyev imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Talantbek İmanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzaladılar.

“Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

Sonda Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarovanın şərəfinə rəsmi ziyafət verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın