Ağdam-Füzuli avtomobil yolunun uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yerinə yetirilən və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə başlanıb. Belə ki, söhbət 2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun tikintisindən gedir. 

Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı salınacaq. 

İndi Ağdam-Füzuli avtomobil yolunda torpaq işləri yerinə yetirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının tikintisi istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, bərabər olaraq bəzi hissələrdə isə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru, 8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa yolboyu avtobus dayanacaqlarının və başqa infrastrukturun tikintisi aparılacaq.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “43 N-li Yol İstismarı” MMC, “41 N-li Yol İstismarı” MMC ilə birgə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti, yerli şirkətlər olaraq isə “Körpü-Bina-Tikinti” MMC və “North West Construction MMC” yerinə yetirir. 

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun tikintisi Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişi təmin edəcək. 

Onu da bildirək ki, yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçirilir.

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın