Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla danışıb: tərəflər Qarabağdakı durumu müzakirə edib, 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Putinin indi zəng etməsinin başlıca səbəbi Əliyev və Paşinyanın aprelin 6-da Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə görüşməsidir: Rusiya özəllklə Ukraynadakı müharibədən sonra Qərb cəbhəsində təşkil edilən belə görüşləri Cənubi Qafqazda “əsas vasitəçi” roluna riskli hesab edir və görüşdən öncə tərəflərin onun vasitəçiliyinə sadiqliyini yoxlayır.

Rusiya Qarabağda baş verən son hadisələrin də Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Hərçənd, bunun üçün anlaşmaların yerinə yetirilməsində irəliləyiş olmalı, özəlliklə Qarabağda gərginliyə səbəb olan 4-cü bənd (erməni silahlı dəstələrin çıxarılması) yerinə yetirilməlidir. 4-cü bənd həm də 11 yanvar və 26 noyabr anlaşmalarının yerinə yetirilməsi önündə əsas əngəldir.

Paşinyanın son açıqlamaları isə bölgədə yeni eskalasiyanın anonsu sayıla bilər. 10 noyabr anlaşmasının 4-cü bəndini özünməxsus formada təhrif edən Nikol deyir ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir.

Birincisi, anlaşmanın 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur və bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur;

İkincisi, Azərbaycan Ordusu müharibənin gedişində erməni dəstələrini indi olduqları mövqelərə qədər təmizləmişdi və anlaşmaya uyğun olaraq hansısa “geriçəkilmə” olmayıb;

Üçüncüsü, Paşinyan qondarma “Qarabağın müdafiə qüvvələri” deməklə indi Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqlarının da separatçıların “ordusu”na aid olduğunu göstərməyə çalışır; hərçənd, anlaşmada söhbət “erməni silahlı qüvvələri”ndən gedir və 4-cü bəndin icrasından sonra separatçılar, eləcə də onların terrorçu dəstələrinin təmizlənməsi Azərbaycanın daxili işidir.

Bu iddialar Ermənistan tərəfinin 4-cü bəndi yerinə yetirməkdən açıq mətnlə imtina etməsi deməkdir və erməni baş nazirin Brüssel görüşündən öncə bu mövqeyi təsadüfi deyil: Zəngəzur dəhlizi məsələsində Ermənistanın istədiyi “yol məntiqinin” Brüssel masasında qəbul edilməsi Paşinyanın erməni silahlı dəstələri ilə bağlı məsələni də Rusiyasız masaya daşımaq niyyətindən xəbər verir.

Bütün bunların kontekstində Fərrux məsələsinə görə Paşinyanın Rusiya sülhməramlılarını ittiham etməsi də diqqət çəkir.

Baş verənlər, özəlliklə Paşinyanın son mövqeyi 4-cü bəndin yerinə yetirilməsi üçün Bakıya anti-terror əməliyyatından başqa çıxış yolu qoymur. Putinin hər iki tərəflə danışması və anlaşmaların icrasına sadiqliyin vurğulanması Rusiyanın yaranmış əməliyyat zərurətindən narahat olduğunu və durumu sakitləşdirmək istədiyini də göstərir.

Durumun uzun müddət belə davam etməyəcəyi ortadadır və anlaşmalarda irəliləyişin olmaması Moskvanın vasitəçiliyinə riskləri artırır. Mümkündür ki, Əliyev Putinlə söhbətdə 4-cü bəndin yerinə yetirilməsinin önəmliyini və bu edilmədiyi halda kommunikasiya, eləcə də sərhəd anlaşmalarının yerinə yetirilməsinin mümkünsüzlüyünü izah edib.

Proseslər 4-cü bəndin yerinə yetirilməsinin aktual olduğunu deməyə əsas verir. Ancaq əsas məsələ fərqlidir: erməni qoşunları anlaşmaya uyğun olaraq bölgədən çıxacaqlar, yoxsa buna məcbur ediləcəklər?!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın