Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə uyğun olaraq, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyənlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

YALAN.info bildirir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında yayımlanıb.

Bildirilir ki, döyüş əməliyyatlarında iştirakdan imtinaya görə üç ilədək, bu, “ağır nəticə”lərə səbəb olduqda isə 10 ilədək azadlıqdan məhrumetmə gözlənilir. Səfərbərlik dövründə fərariliyə görə 15 ilə qədər həbs cəzası veriləcək.

Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla, ya da başqa saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə beş ildən 10 ilədək həbs cəzası nəzərdə tutur. 

Yada salaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında yayımlanıb. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb.

Bundan öncə sosial şəbəkələrdə Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahların görüntüləri paylaşılıb. Kadrlarda avtomatların pas tutduğu və istifadəyə tamamilə yararsız olduğu görünür.

Bütün bunlarla yanaşı, Rusiyanın mərkəz şəhərlərində səfərbərliyə qarşı etirazlar davam edir. Moskvanın Çistıye Prudı rayonundakı nümayiş zamanı polis etirazçıların bir qismini saxlayıb. İndiyədək 8 nəfər həbs edildiyi bildirilib. Həməçinin, Sankt-Peterburqda da etirazlar və həbslər davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın