Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə bağlı Şuşa şəhərində dəyərləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və altı əsas istiqamət üzrə çalışacaq işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək uyğun tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi sayılan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və başqa daşınmaz əmlakın indiki durumunun ilkin dəyərləndirilməsi və inventarlaşdırılması yönündə işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir.

İşçi qrupunun qarşısında duran önəmli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma durumunun, özəlliklə tarixi, mədəni və dini abidələrin mövcud durumunun, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və başqa infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq və dövlət başçısının birbaşa nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması yönündə məqsədyönlü tədbirlər görüləcək.

Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri sırasında öz layiqli yerini tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın