Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinə görə (ZRK) ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır. Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, həmin sistemlər Türkiyəyə satılmayıb. Belə olan təqdirə rəsmi Ankara nə etməli idi?

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini şərh edərkən deyib. O bildirib ki, Türkiyə müstəqil ölkədir və öz milli maraqlarını qorumaq məcburiyyətindədir:

“Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir müdafiə sistemini alıb. Türkiyə NATO-ya daxil olan ölkələr içərisində tək ölkə deyil ki, Rusiya istehsalı olan sistemlərdən istifadə edir. Hər kəs bilir ki, Yunanıstan həmin sistemləri Türkiyədən çox-çox öncə Rusiyadan alıb. Ancaq bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olub. Bu fakt belə özlüyündə verilən qərarın nə dərəcədə ədalətsiz olduğunu sübut edir”.

Ekspertin sözlərinə görə, Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi, qərəzsiz yolla həll etməyi təklif edib:

“Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. Görünür, müəyyən güclər Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər. İşin ironyalı tərəfi isə odur ki, bu gün Türkiyənin güclənməyindən qorxan qüvvələrin özü məhz Ankaranın güclənməsinə zəmin yaradır.

Baxın, ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Ankaranın özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə “Bayraqdar” dronlarını hazırladı və istehsala başladı.

Türkiyə “Altay” tankları, helikopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Əgər vaxtilə ABŞ və NATO Türkiyəyə istədiyi silahları versəydi, bəlkə də rəsmi Ankara bunların heç birini etməz, bu gün yenə rəsmi Vaşinqtondan silah asılılığına davam edərdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın