“Hazırkı dövrdə mövcud qlobal vəziyyət biznesləri yeni fürsətlər və bazarlar axtarmağa sövq edir. Azərbaycan xarici biznes dairələri və sərmayədarları üçün müvafiq imkanlar təqdim edir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu 25-ci Beynəlxalq Biznes Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, qloballaşma, virtual iqtisadiyyat və smart idarəetmə yanaşmaları dinamik dəyişikliklərlə xarakterizə olunan qlobal biznes mühitinin əsas elementlərindəndir:

“Belə bir mühitdə rəqabət aparmaq biznes dairələrinin kreativ həll yolları və konsepsiyaları ilə çıxış etməyə sövq edir. Pandemiyanın gözlənilməz şokları rəqabət mühitini daha da kəskinləşdirir. Bu isə biznesləri yeni fürsətlər və bazarlar axtarmağa sövq edir. Bu cəhətdən Azərbaycan xarici biznes dairələri üçün müxtəlif imkanlar təqdim edir.

Bu baxımdan forumun “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil edilməsi təsadüfi deyil. 500-dən artıq xarici biznes nümayəndələrinin iştirakı ilə keçirilən tədbir mövcud vəziyyət ilə yerində tanış olmaq və qarşıda faydalı əlaqələrin yaradılması üçün investorlara gözəl imkan yaradır.

Son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin yaradılması, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirməsi ilə özəl biznes subyektlərinin bazası genişləndirilib, ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib.

Sahibkarlar üçün təqdim edilən müxtəlif imtiyaz və güzəştlər də mövcud proseslərə təsir edir”.

Orxan Məmmədov əlavə edib ki, müasir dövrdə regionda baş vermiş önəmli olaylar bölgədə münasibətlərin yeni keyfiyyət müstəvisinə qaldırılması cəhətdən əhəmiyyətli təsir imkanına sahibdir:

“Bu kimi mühüm hadisələrdən danışarkən Azərbaycanın şanlı qələbəsi ilə Qarabağın 30 illik erməni işğalından azad edilməsi ilə yaranmış yeni geosiyası mənzərəni qeyd etməliyik. Qarabağda inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrin reallaşdırılması ilə bağlı məsələlər Azərbaycanın strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarların, xarici iş adamlarının biznes layihələri KOBİA tərəfindən toplanılır.

Bugünədək 900-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınıb. Müraciətlər yerli və xarici investorların Qarabağa marağının olduqca böyük olduğunu göstərir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın